"Bu sözü deyəndə dindarlar hücuma keçir, hətta məni söyürlər"
"Böyüyən orqanizm heç nədən korluq çəkməməlidir. Lazımi qidaları vaxtında və ölçüsündə qəbul etməlidir"
Pediatr Vaqif Qarayev Ramazan ayının başlanması ilə bağlı valideynlərə xəbərdarlıq edib. Feysbuk səhifəsində paylaşım edən həkim bunları yazıb:
"QMİ Ramazan ayının başlanması ilə bağlı fətva verib… yenə təkrar etmək məcburiyyətindəyik — uşaqlar oruc tutmasa yaxşıdır, səhhətlərinə ziyanlıdı. Hər il görürük, "özü istəyir" arqumenti ilə özünüzü aldatmayın, ona qalsa bütün istəklərinə əməl etməlisiniz, amma etmirsiniz axı… Yerli-yersiz kifayət qədər qadağalar qoyursunuz.Unutmayaq, uşaq orqanizmi aclığa dözmür".
Pediatrın xəbərdarlığına şərh yazan sosial şəbəkə istifadəçisi Dilqəm Şabanlı da uşaqların oruc tutmağının ağır fəsadlara gətirib çıxaracağını yazıb:
— Xüsusən yay günlərində susuz qalmaq uşaq beyni üçün geridönməz dəyişikliklərə səbəb ola bilər. Elə böyüklər üçün də. Mənim bir tanıdığım var, hər orucluqdan sonra İQ-i (immun qabiliyyəti) daha da enir.
Mövzunun aktuallığını nəzərə alıb pediatr Vaqif Qarayevlə əlaqə saxladıq və həkim mülahizələrində tibbə əsaslandığını bildirdi:
— Mən "uşaqlar oruc tutmasın" deyəndə, dindarlar hücuma keçir. Hətta məni söyürlər. Mənim üçün fərqi yoxdur, dindarın uşağıdır, ya qeyrisinin. Mənim üçün əsas təbabətin yanaşmasıdır. Təbabətsə bunu deyir:
— Uşaqlar üçün vacib olan düzgün qidalanma və keyfiyyətli qidalanmadır. Son vaxtlar mədə-bağırsaq problemi olmayan uşaq yoxdur. Bunun tibbi səbəbləri də var, amma bunlar kütləvi deyil. Düzgün qidalanma nədir; uşağın rejimlə qidalanması. Keyfiyyətli qida isə uşaq orqanizmi üçün vacib olan zülallar, yağlar, karbohidratlardır. Düzgün qidalanmamaya görə valideyn günahkardır. Dəfələrlə demişəm, uşağını müayinəyə gətirən analara da deyirəm; qazlı, rəngli içkilər, çipslər, fəst-fudlar, aşırı şirniyyat uşaq orqanizmi üçün ziyanlıdır. Bunlar uşaq orqanizminə ziyan vurur. Avropada fəst-fud yeməkləri qadağan olunub.
Çünki bu qidaların müalicəyə tabe olmayan onkoloji xəstəliklər yaratdığı sübut edilib. Amma bizim valideynlər nə edir? Uşaqları da yanlarına salıb kafeyə aparır, qarşısına fəst-fud, qızardılmış kartof alıb qoyur. Qızardılmış kartofu sevməyən insan tapılmaz. Amma bunu niyə evdə bişirmirlər? Konkret ünvanlarda müştərilərə təklif olunan qızardılmış kartoflara zərərli inqridiyentlər əlavə edilir. Onkoloji xəstəlikləri yaradan da məhz bu inqridiyentlər – qida əlavələridir. Uşaq gün ərzində bir neçə dəfə qidalanmalıdır. İl boyu mütləq meyvə-tərəvəz və ət yeməkləri olmalıdır. Uşaq orqanizmi inkişaf mərhələsindədir.
Böyümə prosesi gedir. Siz onu gün ərzində, saatlarla ac saxlamaqla inkişaf prosesini ləngidirsiniz, mədə-bağırsaq pozğunluğu yaranır, beyin normal qidalanmır və rəy yazan "fb" dostu kimi geridönməz dəyişikliklər yaradır. Nədir geridönməz dəyişikliklər? Buna beynin ac qalması da deyilir. Beyin davamlı olaraq ac qalırsa, əlbəttə, ağır nəticələri olacaq. Beyin daim qidalanmalıdır. Zülal, qlükoza və şəkərlə. Təbii ki, burada söhbət süni, qida əlavəli şəkərdən getmir. Əsl şəkərdən gedir. Beyin bu qidaları almadıqda arterial təzyiq düşür, ürək zəifləyir, bu da uşaqda baş ağrısı, yorğunluq, süstlük, yuxuya meyillilik yaradır. Beynin ac qalması davamlıdırsa, artıq ürək-damar sistemi xəstəliklərinə gətirib çıxaracaq. Valideynlər də görür ki, uşaq yorğundur, çox yatmaq istəyir, süstlük var və sairə. Mənə müraciət edən valideynlər bu əlamətləri sadalayanda, ehtimallarını soruşuram ki, sizcə bu nədəndi? Deyirlər, uşaq oruc tutub. Bəlkə ona görə yorğundu, başı ağrıyır. Bəli, əksər hallarda məhz buna görədir.
Mədə-bağırsaq sistemi də pozulur, çünki gün ərzində, saatlarla mədə heç nə qəbul etmir, lakin axşam saatlarında, yəni iftar vaxtı mədə birdən-birə yüklənir. Uşaq orqanizmi zəif və formalaşma dövründə olduğu üçün mədə qəbul etdiyi qidanı həzm edə bilmir. Nəticədə həzm sistemi pozulur, bağırsaqlar da yaxşı işləmir. Təsəvvür edək, uşaq məktəblidir, bir tərəfdən məktəbin dərs yükü, bir tərəfdən repetitor yanına getməyin yükü. İndi mən soruşuram, onsuz da ağır yük altında olan uşaq bir də ac qalmaq yükünü daşıya bilərmi? Mən belə deyəndə, dindar kəsim inciyir. İnciməsinlər, mən dinsiz deyiləm. Sadəcə, oruc tutmağın uşaqlar üçün ziyanlı olduğunu anlatmağa çalışıram və bu mənim şəxsi fikrim deyil, bunu elm, təbabət deyir. Böyüyən orqanizm heç nədən korluq çəkməməlidir. Lazımi qidaları vaxtında və ölçüsündə qəbul etməlidir.
V.Qarayev hətta həkimlər arasında da fikir ayrılığı yarandığını bildirdi:
— O gün bir həkimlə bu mövzuda mübahisəmiz yarandı. Təsdiq etməyə çalışırdı ki, oruc tutmaq orqanizm üçün faydalıdır. Mən bu savadlı həkimə başa sala bilmirdim ki, söhbət uşaq orqanizmindən gedir. Bəli, artıq formalaşmış orqanizmin oruc tutması xeyirlidir, amma məsələ uşaq orqanizmidirsə, oruc tutmaq ziyanlıdır.
Həkim bu məsələdə valideynlərin günahkar olduğunu da dedi:
— 6 yaşında uşağı gətirirlər, səhhət problemləri ilə. Yüzdəyüz bilirsən ki, oruc tutmağa məcbur ediblər. Valideyn də deyir ki, uşaq özü istəyir, oruc tutsun. Mən də cavabında deyirəm ki, uşaq çox şey istəyir, hamısını yerinə yetirirsiniz? Uşaq nə bilir ac qalsa nə olacaq? Özü istəmir e, siz məcbur edirsiniz. Lap tutalım, uşaq özü istəsə belə, valideyn qarşısını almalıdır, orqanizmdə formalaşma başa çatanadək, orqanizm möhkəmlənənədək. Mən məsələyə sırf tibbi baxımdan yanaşıram.