Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçirir.
DİM-dən xezerxeber.az-a verilən məlumata görə, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Lənkəran, Şirvan, Qusar və Xaçmaz şəhərlərində, ümumilikdə 41 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlanır. İmtahan 45 dəqiqə müddətində aparılır. İmtahanların nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir.
Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahaının nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul” qiymət almış hesab olunurlar.
İmtahanda ümumilikdə 15648 (Bakıda 10013, Sumqayıtda 922, Naxçıvanda 56, Şəmkirdə 340, Gəncədə 1068, Mingəçevirdə 288, Şəkidə 242, Zaqatalada 548, Bərdədə 180, Göyçayda 259, Lənkəranda 256, Şirvanda 271, Qusarda 386, Xaçmazda 639) abituriyentin iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 108 imtahan rəhbəri, 1212 nəzarətçi-müəllim ayrılıb.