İngiltərənin şərqində şirinsulu çaylarda yaşayan krevetlərin orqanizmlərində kokain aşkar edilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, alimlər Britaniyanın şərqindəki Saffolk qraflığında çay suyunun keyfiyyətini yoxlayarkən həmin sularda narkotik izləri tapıblar.
London Kral Kollecindən və Saffolk Universitetindən olan ekoloqlar komandası qraflığın müxtəlif hissələrində beş çaydan toplanmış şirinsulu fauna nümunələrini tədqiq edib. Bu çayların hərəsində üç müxtəlif yerdən: çayın mənbəyindən, çay yatağının orta hissəsindən və mənsəbə yaxın yerdən nümunələr götürülüb. Bütün nümunələrdə kokain aşkar edilib. Bu halda heyvanların çoxunun orqanizmində digər qadağan olunmuş narkotik preparatlar, o cümlədən ketamin də tapılıb.
Testlərin nəticələri alimləri çox heyrətləndirib. Saffolk Universitetinin professoru Nik Beri deyib: "Suda yaşayan canlıların orqanizmində kokain olması yalnız yerli problemdir, yoxsa Böyük Britaniyadakı başqa sututarlarda, həmçinin bu ölkənin hüdudlarından kənarda da onu tapmaq olar? – Bu məsələni aydınlaşdırmaq lazımdır.
Şirinsulu çaylarda yaşayan "Gammarus pulex” krevetlərinin orqanizmlərinə müxtəlif mikroskopik çirkləndiricilərin düşməsi dərəcəsini öyrənmək məqsədilə aparılmış tədqiqatın nəticələri "Environment International” jurnalında dərc edilib.
Toplanmış nümunələrin çoxunda narkotiklərlə bərabər, qadağan olunmuş pestisidlərin və müxtəlif dərman vasitələrinin də izləri aşkar edilib.
Alimlərin sözlərinə görə, bu maddələr krevetlərin özlərinə demək olar ki, təsir göstərmir. Lakin bu, heç də o demək deyil ki, problemi əhəmiyyətsiz saymaq olar.