"Bakı Metropoliteni"
QSC-nin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar
müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti
yaranıb.
XəzərXəbər xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu
və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın
yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə,
stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.
"Xətai"
stansiyasında və "Xətai-Cəfər Cabbarlı" mənzilində infrastrukturun
sağlamlaşdırılması, əsaslı təmir olunaraq yenidən qurulması tədbirləri
mərhələli şəkildə həyata keçirilir. Təmirin 2016-cı ilin dekabr ayında
yekunlaşdırılmış birinci mərhələsində stansiyanın 1-ci baş yolu və orta
zalı, eləcə də "Xətai-Cəfər Cabbarlı” mənzilinin 1-ci yolu müasir
tələblər səviyyəsinə çatdırılıb.
Yenidənqurma işlərinin ikinci
mərhələsi çərçivəsində "Xətai" stansiyasının 2-ci baş yolu və
"Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunda sağlamlaşdırma, əsaslı
təmir və yenidənqurma tədbirləri planlı surətdə yerinə yetirilir.
İstismar müddətini başa vuran eskalatorların yenilənməsi, eləcə də
vestibülün və digər infrastrukturun əsaslı təmir olunması məhz bu
mərhələnin davamı kimi nəzərdə tutulub.
Eskalatorların
dəyişdirilməsi və vestibülün təmiri ilə bağlı hazırlıq tədbirlərinə
cari ilin fevral ayında başlanılıb, əsaslı təmir və yenidənqurma
prosesinin qrafikə uyğun, keyfiyyətlə yerinə yetirilməsi məqsədilə
tədbirlər planı hazırlanıb.
Təmir dövründə "Xətai" stansiyasında
1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator söküləcək.
Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin
"Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılacaq. Dərin özüllü
stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılacaq 4 eskalator
sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi
gücləndirməyə imkan verəcək. Xatırlatmaq yerinə düşər ki, buna qədər "28
May" və "Sahil" stansiyalarında aparılmış yenidənqurma tədbirləri
çərçivəsində sökülmüş 3 eskalatorun yerinə onların 4 ədəd yeni nəsil
analoqları quraşdırılıb.
"Xətai"
stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı
təmiri də aparılacaq. Burada divar və döşəmənin istismar müddətini başa
vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin
divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.
Qarşıdakı
müddət ərzində həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və
"Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması,
əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.
"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, "Bakı
Metropoliteni” sərnişinlərə xəbərdarlıq edir ki, "Xətai” stansiyası bu
il sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq.
Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla,
sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və
quraşdırma işlərinin gələn il avuqstun 10-da başa çatdırılması nəzərdə
tutulub.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, Bakı
Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən
müddətdə sonuncu dayanacağı "Xətai" stansiyası və ona yaxın ərazilərdə
olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti "28 May"
stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla
əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək", - açıqlamada qeyd olunub.