Xəzər Xəbər

Babək prospektində su xətləri yeniləndi

Cəmiyyət | 16:21 • 10 Sentyabr 2018
Babək prospektində su xətləri yeniləndi

"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması məqsədilə mühüm əhəmiyyət daşıyan daha bir layihənin icrasını yekunlaşdırıb.

Paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən magistral su xətləri və kanalizasiya kollektorlarının yenilənməsi işləri başa çatdırılıb.

Babək prospektində icra olunan layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilib. Layihəyə əsasən, Babək prospekti boyunca 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar verilib və ərazidəki yaşayış evləri və obyektlər yeni şəbəkəyə qoşulub. Babək prospektində yolun əsaslı təmiri və nəqliyyatın intensiv hərəkəti nəzərə alınaraq tikinti-quraşdırma işləri mərhələlərlə aparılıb.

Yenidənqurma işləri çərçivəsində prospekt boyunca istismar müddətini başa vurmuş və tez-tez qəzaların baş verdiyi 2 çuqun və 1 polad magistral su xəttinin fəaliyyəti dayandırılıb. Prospekt boyunca qurulan yeni sistem NZS, UPD, Keşlə qəsəbələrində, eyni zamanda yeni salınan "Ağ şəhər”də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub.

Babək prospektində yol infrastrukturunun yenilənməsi işləri çərçivəsində Bakı şəhərinin əsas kanalizasiya kollektorlarından olan və paytaxtın böyük bir ərazisində yaranan tullantı sularının əsas daşıyıcı xətlərə axıdılmasını təmin edən "Dairəvi” kollektorun bir hissəsi dəyişdirilib. Layihəyə əsasən, kollektorun Babək prospekti ilə kəsişən və yaşayış evlərinin altına düşən hissələri ləğv edilib. Əvəzində prospektə paralel 1400 mm diametrli dəmir-beton borularla 1,2 km uzunluğunda yeni kollektor tikilərək paytaxtın əsas daşıyıcı xətlərindən olan "Sənaye” kollektoruna birləşdirilib. Kollektorların yaşayış evləri və kommersiya obyektlərinin altından keçən hissələrinin ləğv edilməsi istismar proseslərini asanlaşdırmaqla yanaşı, gələcəkdə qəza halları zamanı yarana biləcək təhlükələri aradan qaldıracaq.

Bu layihənin tərkib hissəsi olaraq 41 Şərq anbarı ilə 82 Şərq su anbarının əlaqələndirilməsi məqsədilə 700 mm diametrli magistral xəttin inşası başa çatdırılıb. Su anbarlarının əlaqələndirilməsi suyun optimal idarə olunması və dayanıqlı su təchizatına imkan yaradıb.

Xəbər lenti

Çox oxunanlar