Xəzər Xəbər

Azərbaycanda Məhərrəm ayı ilə əlaqədar monitorinqlər keçiriləcək

Cəmiyyət | 11:43 • 10 Sentyabr 2018
Azərbaycanda Məhərrəm ayı ilə əlaqədar monitorinqlər keçiriləcək

Məhərrəm ayının başlanması ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər müvafiq icra strukturları tərəfindən monitorinqlər keçiriləcək. 


Xezerxeber.az bildirir ki, bu barədə Trend-ə komitənin sədr müavini Səyavuş Heydərov deyib.


S.Heydərov bildirib ki, monitorinq çərçivəsində qanunvericiliyin tələblərinə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin fətvasına riayət olunmasına nəzarət olunacaq.


Komitə rəsmisi vurğulayıb ki, qurum Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinə çalışır:


"Əsas məqsədlərimizdən biri QMİ-nin fətvasında göstərilən tövsiyələrə əməl olunması ilə bağlıdır. Bu istiqamətdə İdarə ilə birlikdə işlərimizi Məhərrəm ayının sonuna qədər davam etdirəcəyik. Hər il bu sahədə irəliləyişlər müşahidə edilir. İnanırıq ki, bu il də Məhərrəm ayında keçirilən istər Aşura mərasimləri, istərsə də təziyə mərasimləri ilə bağlı əvvəlki illərə nisbətən müsbət nəticələr əldə olunacaq”.


Komitə sədrinin müavini vurğulayıb ki, keçən illərdə aparılmış müşahidə və monitorinqlər nəticəsində respublikanın bəzi şəhər və rayonlarında keçirilmiş əzadarlıq məclislərində bəzi neqativ hallar aşkar edilib:


"Belə ki, icazəsiz olaraq küçə yürüşlərinə cəhdlər edilmiş, məsciddən kənar yerlərdə, eləcə də şəxsi evlərdə kütləvi şəkildə dini ayinlərin keçirilməsi və dini atributların məscidlərin xaricində yerləşdirilməsi hallarına rast gəlinmişdir. Qeyd edim ki, mövcud qanunvericiliyə əsasən, əzadarlıq məclisləri yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Dini atributlar isə yalnız məscidlərin içərisində yerləşdirilməlidir. Heç şübhəsiz, belə hallar aşkarlandıqda yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanları ilə birgə qanun çərçivəsində müvafiq addımlar atılır. Ümid edirik ki, cari ildə belə hallar təkrar edilməyəcək”.


Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Xəbər lenti