Azərbaycan meşələri faydalı funksiyalarına görə birinci qrupa aid edildiyindən meşələrdə sənaye əhəmiyyətli qırıntılar aparılması qadağan olunub. Yalnız meşəyə qulluq məqsədilə köküstə qurumuş, inkişafdan qalmış, xəstə və meşə ərazilərində yıxılmış ağaclar hesabına məhdud miqdarda yanacaq odunu tədarük edilir. Bu oduncaq ilk növbədə Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə, imtiyazlı şəxslərə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir.
Xezerxeber.az bildirir ki, bu barədə AZƏRTAC-a ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev məlumat verib.
Nazir müavini deyib ki, bu il köküstə qurumuş, inkişafdan qalmış, xəstə ağaclar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 51 min kubmetrə yaxın odun tədarükü proqnozlaşdırılıb və hazırda hərbi hissələrə, sərhəd qoşunlarına odun verilməsinə başlanılıb, bu istiqamətdə işlər davam etdirilir.
O, həmçinin qeyd edib: "Nazirlik tərəfindən əhalinin yanacaq odununa olan tələbatı nəzərə alınaraq odun tədarükü nəzərdə tutulub və bu barədə regional meşə təsərrüfatı mərkəzlərinə müvafiq tapşırıqlar verilib. Hazırda rayon icra hakimiyyətlərinin bölgüsü əsasında təhsil və səhiyyə müəssisələrinə, həmçinin qazlaşdırılmayan kənd əhalisinə odun verilir.
Hesab edirik ki, milli sərvətimiz olan meşələrə yanacaq mənbəyi kimi baxılması halları aradan qalxacaq. Meşələrə zərər vurmadan davamlı və dayanıqlı istifadə etməklə artırılması, keyfiyyətinin yaxşılaşdırılması olduqca vacibdir. Xüsusi ilə qeyd etməliyik ki, hazırda tədarük edə biləcəyimiz oduncağın həcmi, mövcud tələbatın çox cüzi bir hissəsini təşkil edir. Ona görə də qış aylarında alternativ yanacaq növlərindən-daş kömürdən, soba yanacağından və s. istifadə meşələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşmasında və gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rol oynaya bilər. Ümid edirik ki, hər bir Azərbaycan vətəndaşı bu haqda düşünəcək".