Son günlər paytaxtın müxtəlif rayonlarında havada qaz qoxusu ilə bağlı məlumatlar yayılır.
Azərbaycan Ekoloji Proqnozlar Bürosunun prezidenti, ekoloq Telman Zeynalov havadan gələn kəskin qaz qoxusunun atmosfer havasında qaz qarışıqlarının norma həddindən yüksək olması ilə əlaqələndirir. Ekoloq bildirir ki, atmosfer havasında olan qaz qarışıqları sanitar norma həddini keçdiyindən, bəzi ərazilərdə pis qoxu hiss olunur. T. Zeynalov qaz qoxusunun norma həddini keçməsinin insan orqanizmi üçün təhlükəli olduğunu da bildirir. Onun sözlərinə görə, atmosferdə qaz qarışıqlarının sanitar norma həddini keçməsi bəzi xəstələrin səhhətində təhlükə yarada bilər. Hətta ekoloq qəribə qoxu hiss edən paytaxt sakinlərinə tibbi maskalardan istifadə etməyi məsləhət görür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsinin rəhbəri Umayra Tağıyeva isə Movqe.az-a
açıqlamasında bir neçə gündür ki, ölkə ərazisində qaz qarışıqlarının
səpələnməsi üçün əlverişsiz şəraitin yarandığını təsdiqləyir: "Ölkə üzrə
bu gün həm atmosfer təzyiqi normadan aşağıdır, həmçinin də havanın
temperaturu normadan yüksəkdir. 4-7 dərəcəyə qədər havada temperaturun
yüksək olması müşahidə olunur. Cənub-şərq istiqamətində küləyin müşahidə
olunması havada durğunluğun, infeksiya qatının yaranmasına gətirib
çıxardıb. Bu şəraitdə atmosferə buraxılan müxtəlif qazların səpələnməsi
üçün əlverişsiz şərait yaradır. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin
mütəxəssisləri tərəfindən hər gün həmin ərazilərdə atmosfer havasının
monitorinqi aparılır. Atosferdə norma həddindən yüksək olan qazların
hansı qazlar olması, eləcə də miqdarı ilə bağlı təhlillər aparılır. Biz
həftə sonu bununla bağlı geniş məlumat veriləcək. Bu məsələ nazirlik
tərəfindən diqqət mərkəzində saxlanılır”.
U. Tağıyeva havada qaz qarışıqlarının norma həddini keçməsinin təkcə
Bakıda deyil, əksər böyük şəhərlərdə müşahidə olunduğunu söyləyir. Onun
sözlərinə görə, zavod və fabriklərin, müəssisələrin işləməsi nəticəsində
atmosferə müxtəlif qaz qarışıqları buraxılır: "Bu məsələ artıq qlobal
problem sayılır. Atmosferə müxtəlif qaz qarışıqlarının atılması böyük
şəhərlərə xas olan haldır. Biz həftə sonu keçirəcəyimiz mətbuat
konfransında bunların hansı qazlar olduğu, norma həddindən nə qədər
yüksək olduğu barədə ictimaiyyətə geniş məlumat verəcəyik. Hələki isə
monitorinqin nəticələri təhlil edilir”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)
mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı
keçirdiyi monitorinq zamanı atmosfer havasından nümunələr götürülərək
analizlər aparılıb. Nəticədə atmosfer havasında olan qaz qarışıqlarının
sanitar norma həddini keçdiyi üzə çıxıb. ETSN-in mətbuat xidmətinin son
məlumatına görə, 4 may tarixində Bakı şəhərində qaz qarışıqlarının
səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu
əsasən Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub.
Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla
normadan 3 dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib”.
Həkimlər isə atmosferdə qaz qarışıqlarının norma həddini keçməsinin
insan səhhəti üçün zərərli olduğunu təsdiqləyirlər. Terapevt Emin
Dadaşzadə deyir ki, zavod və fabriklərin işləməsi iqtisadi baxımdan ölkə
üçün vacib olsa da, onların atmosferə buraxdığı qazlar norma həddini
keçdikdə insan orqanizminə ziyan vurur: "Qaz qarışıqları havada norma
həddini keçdikdə havada pis qoxu, kəskin qaz iyisi müşahidə olunur.
Bəzən insanlar bu qoxunun fərqinə varmasalar da, ekoloqlar, həkimlər
havadan gələn qoxunun müxtəlif qaz qarışıqlarının sanitar norma həddini
keçməsi ilə əlaqədar olduğunu anlayırlar. Qeyd edim ki, qaz
qarışıqlarının yüksək həddə olması, əsasən havada durğunluq olduğu zaman
müşahidə olunur. Küləksiz hava şəraitində qaz qoxusunun səpələnməsi
prosesi ləngiyir. Həmin qaz qarışıqları beləcə insanların aldıqları
nəfəslə onların ciyərinə çökür. Havada olan qaz qarışıqları
ilk növbədə beyin mərkəzinə təsir edir. Tənəffüs mərkəzi beyində
yerləşdikdən, oksigen çatışmazlığı beyin mərkəzində hiss edilir. Bu hava
ağciyər, ürək çatışmazlığı olan xəstələr üçün çox təhlükəli sayılır.
Çünki, sözügedən xəstələr resediv qruplar, risk qrupu sayılır. Havada
qaz qarışıqlarının normadan artıq olması şəkər xəstələrinə də mənfi
təsir edir. Amma bu havada ən çox zərər dəyən ürəyin işemik
xəstələrindən, ağciyər xəstəliyindən əziyyət çəkən xəstələr olur.
Onlarda oksigen çatışmazlığı yaranır. Ona görə də, küləksiz, durğun
havada bu kateqoriyaya aid olan xəstələrə açıq havada gəzməmək tövsiyyə
edilir. Onlara hava küləkli olduqdan sonra açıq havada gəzmələri
məsləhət görülür”.
E. Dadaşzadə deyir ki, havada qaz qarışıqlarının norma həddini keçməsi
insanlarda baş gicəllənməsi, baş ağrıları, hava çatışmazlığı, ürək
bulanmalarına səbəb olur.
Terapevt havada olan qaz qarışıqlarının norma həddini keçməsinin digər
xəstəliklər yaratma riskinin də olduğunu söyləyir. Onun sözlərinə görə,
bununla bağlı ancaq rəsmi açıqlama verildikdən sonra fikir bildirmək
olar: "Biz havada olan qaz qarışıqlarının norma həddini keçdiyini
bilirik. Bunun başqa hansı fəsadlar yaradacağı barədə danışmaq üçün
atmosferə tullanan qaz qarışıqlarının hansı qazlar olduğu barədə
məlumata sahib olmaq lazımdır. Ondan sonra bu qazların təhlükəsi barədə
ətraflı danışmaq, onların insan orqanizminə vura biləcəyi digər
zərərlərdən bəhs etmək olar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri
tərəfindən aparılan monitorinq zamanı, bu qaz qarışıqlarının tərkibi
bəlli olacaq”.
Qeyd edək ki, bütün dünyada atmosferə zərərli qaz qarışıqlarının
buraxılmasının norma həddini keçməməsi üçün mübarizə aparılır, ekoloji
proqramlar qəbul edilir. Dünya Səhiyyə Təşkilatının məlumatlarına
əsasən, havanın çirklənməsi səbəbindən hər il yeddi milyon insan həlak
olur. Ətraf mühiti çirkləndirən müəsisələr içərisində neft sənayesi
müəsisələri əsas yerlərdən birini tutur. Məlumatlara görə, təkcə
yanacağın yandırılmasından və istehsal prosesindən 100 il ərzində
atmosferə 400 milyard tondan çox karbon 4-oksid (CO2) buraxılır. Hazırda
havaya hər il 200 milyon ton karbon 4-oksid, 50 milyon tondan çox azot
oksidləri buraxılır. Təkcə hər il yanacağın istehsalı nəticəsində
atmosferə təxminən 10 milyon tondan çox karbon qazı 700 milyon ton
sulfat anhidridi, dəm qazı, kükürd qazı, azot oksidləri,
karbohidrogenlər, 200-300 milyon ton aerozol, his və toz atılır.
Müxtəlif sənaye müəssisələri atmosfer havasını, həmçinin çoxlu miqdarda
karbon və kükürd qazları ilə zəhərləyir. Böyük şəhərlərdə havanı
zəhərləyən əsas mənbələrdən biri də avtomobillərin buraxdığı tüstü
qazlarıdır. Bu qazların tərkibində 2-10%-ə qədər karbon 2-oksid (CO)
olur. Hal-hazırda atmosferi ən çox çirkləndirən qazlar karbon 2-oksid və
kükürd qazlarıdır. Karbon 2-oksidin 77-80%-ni havaya benzinlə işləyən
avtomobillər buraxır. Kükürd qazlarını isə atmosferə ən çox istilik
elektrik stansiyaları və metallurgiya zavodları buraxır.
Ətrafa buraxılan kükürd qazının miqdarını azaltmağın yollarından biri tüstü borularının mümkün qədər uca edilməsidir.