İmtahandan əvvəl qayğı və ya həyəcanın olması normal haldır. Bu, abituriyentin imtahana daha məsuliyyətli hazırlaşmasına kömək edir. Lakin həddindən artıq qayğı imtahan zamanı bir sıra narahatçılığa səbəb ola bilər ki, bu da qorxu yaradır. Belə olduqda avtomatik düşüncə pozuntuları meydana çıxır.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində həkim-psixiatr Bəxtiyar Mustafayev deyib.
Həkim bildirib: "”Mən bacarıqsızam”, "Yaxşı nəticə göstərə bilməyəcəm”, "Pis nəticə göstərsəm hər kəs məndən üz döndərəcək”, "Valideynlərimin üzünə necə baxacam?”, "İmtahandan kəsilsəm mənim gələcəyim olmayacaq”, "Mənim həyatım bu imtahandan asılıdır” kimi bir sıra bənzər fikirlər abituriyentlərdə imtahan həyəcanına və bunun əsasında qorxuya səbəb olur. Bunun nəticəsində imtahan zamanı abituriyentlərdə əllərdə titrəmələr, tərləmə, taxikardiya, özünə nəzarəti itirmə, diqqəti toplaya bilməmə, döş qəfəsində və ya digər sıxılmalar, baş gicəllənməsi, qusma kimi əlamətlər müşahidə olunur. Bu da abituriyentin imtahan nəticələrinə mənfi təsir göstərir. İmtahan həyəcanının yaranmasında valideynlərin də müəyyən rolu olur. Daha çox təzyiq altında yetişdirilən, həmyaşıdları ilə müqayisə olunan, "Bizim gələcəyimiz səndən asılıdır”, "Sən imtahandan kəsilsən biz qohumların, tanışların üzünə necə baxarıq”, "Sən mütləq yüksək bal toplamalısan”, "Mütləq bu universitetə qəbul olmalısan” kimi ifadələrlə təzyiq altında saxlanılan abituriyentlərdə imtahan həyəcanı daha yüksək olur.
Ümumiyyətlə abituriyentlər imtahandan əvvəl normal yatmalı, istirahət etməlidirlər. Bu, imtahan zamanı daha diqqətli olmağa kömək edir. Həddindən artıq həyəcan olduqda isə tənəffüs hərəkətləri etməklə bunu tənzimləmək mümkündür. Bunun üçün nəfəsi yavaş-yavaş burundan alınıb, azca saxlanılıb və sakit şəkildə ağızdan verilməlidir. Qeyd etdiyim kimi imtahandan əvvəl fikir qarışıqlığı olduqda onları alternativ düşüncələrlə əvəz etmək olar. Misal üçün "Mən imtahandan kəsiləcəm” əvəzinə , "Mən əvvəlki imtahanlarda yaxşı nəticə göstərmişəm və bu imtahana yaxşı hazırlaşmışam” kimi fikirlərlə həyəcanı azaltmaq mümkündür. Lakin imtahanlarında həddindən artıq həyəcan səbəbilə yaxşı nəticə göstərə bilməyənlərin psixoterapevtə və ya psixiatra müraciət etmələri məsləhət görülür”.