Bakı-Şamaxı-Yevlax yolunun sürüşmə zonasına düşən hissəsində yenidənqurma işlərinə yaxın vaxtlarda start veriləcək.
Bunu XəzərXəbər-ə Azərbaycan Avtomobli Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, sözügedən yolun 13-101-ci km-i yenidən qurulub və istifadəyə verilib: "Onun davamı olaraq 101-ci km-dən 117- ci km-a qədər olan hissədə işlər başlayacaq. Hazırda ərazidə moderizasiya və geoloji kəşfiyyat işləri aparılır. Orada bir neçə nöqtədə sürüşmə zonası var. Həmin ərazidə geoloji kəşfiyyat işləri aparılır, strukturlar öyrənilir. Yaxın müddət ərzində orda da işlərə tam olaraq başlanılacaq. Mövcud yolun genişləndirilməsi və yaxud digər variantlar üzərində işlənilir".
Agentlik rəsmisi həmçinin bildirib ki,
Bakının bir neçə yerində yeni piyada keçidlərinin inşaasına
başlanılacaq: "Heydər Əliyev proespektində 23-cü polis bölməsi
istiqmatində keçid inşa ediləcək. Ora insanların əsas istifadə etdiyi
ərazidir. Yusif Səfərov küçəsində də problemlər yaşanır, yerüstü piyada
keçidinin inşası nəzərdə tutulur. Mərdəkan-Buzovna yolunda da keçidin
inşası planlaşdırılır".