Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi yekunlaşıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən
XəzərXəbər-ə bildirilib ki, elektron sənəd qəbulunun II mərhələsinə iyunun 20-dən start veriləcək.
Qeyd edək ki, indiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem
vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib. Hazırda I sinfə qəbul
prosesində I mərhələdə elektron qeydiyyata alınmış ərizələrin emalı
prosesi gedir. Emal zamanı I mərhələdə qeydiyyatdan keçmiş, amma
sənədlərini iyunun 14-nə kimi məktəbə təqdim etməyən şəxslərin sorğuları
sistemdən silinir.
İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq,
mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu
yerləşdirə bilərlər. Bundan sonra, valideynlər övladlarının sənədlərini
20 iyun-18 sentyabr 2017-ci il tarixlərində (iyul ayı istisna olmaqla)
məktəbə təqdim etməlidirlər.
Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri
istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul
edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Həmçinin, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən
şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem
vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək
məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə
müraciət edə bilərlər. I sinfə şagird qəbulu prosesində qeydiyyat və
sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli
məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya
Komissiyası fəaliyyət göstərir.