Ölkəmizin şəhər və rayonlarını dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 7-də İmişlidən Qarabağ torpağına – cəbhə xəttində yerləşən Horadiz şəhərinə gətirildi.
XezerXeber.com AzərTAc-a istinadla xəbər verir ki, axşam saatlarında məşəlin qədim diyarın gündən-günə gözəlləşən və inkişaf edən Horadiz şəhərinin girişində təntənəli qarşılanma mərasimi olub.
Rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.
Sonra məşəl yürüşü başlandı. Rayonun ümumtəhsil məktəblərindən 10 nəfər idman müəllimi məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçməklə Dövlət Bayrağı meydanının yaxınlığında yerləşən Qəhrəmanlar parkına gəldilər.
Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər “Bakı-2015” birinci Avropa Oyunlarının qədim və müqəddəs Atəşgah məbədindən götürülmüş alovunu coşqu ilə qarşıladılar.
Sonuncu yürüşçü, Horadiz şəhər 3 nömrəli tam orta məktəbin idman müəllimi Rövşən Ələsgərov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Sonra Avropa Oyunlarının rəmzi çırağı yandırıldı. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayonda saxlanılacaq.
Qəhrəmanlar parkında keçirilən festival əsl xalq bayramına çevrildi. Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin iştirakı ilə keçirilən konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qaldı. İdmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, səhnədə nümayiş etdirilən Alov şousu festivalda iştirak edən 20 min nəfərə yaxın Füzuli sakininin böyük sevincinə səbəb oldu.
Məşəl festivalı atəşfəşanlıqla başa çatdı.