Xəzər Xəbər

L.Savin: İyunda Bakıda isti olacaq, özü də təkcə Selsi üzrə yox!

Bakı-2015 | 17:48 • 8 May 2015
L.Savin: İyunda Bakıda isti olacaq, özü də təkcə Selsi üzrə yox!

Bakıda Oyunlar Avropanın yay idman təqvimində yeni mühüm hadisədir. Rusiyanı cəmi 300 idmançı təmsil edəcək, bütövlükdə isə komanda 600 nəfərdən ibarətdir. İdmançılar əsasən ən güclü heyətlərlə çıxış edəcəklər. Bakıya onların birinci qrupu iyunun 9-da, sonuncu qrupu isə iyunun 23-də gələcək. Bu sözləri Rusiya Olimpiya Komitəsinin Olimpiya idmanı tədbirlərində iştirakın təmin edilməsi üzrə Baş idarəsinin şöbə müdiri Lev Savin “Moskva-Bakı” portalına müsahibəsində səsləndirib.

Bu yaxınlarda Bakıda Atletlər kəndində olan L.Savin təəssüratlarını bölüşərək deyib: “İdmançılar üçün gözəl şərait yaradılıb. İrina Vinner-Usmanovanın gimnastları artıq burada yaşamağa macal tapıblar və razı qalıblar. Qeyd edim ki, idman obyektlərinin hazırlıq səviyyəsi çox yaxşıdır. Gimnastika zalı hazırdır. Qeyd etdiyim kimi, Atletlər kəndi də hazırdır. Bu yaxınlarda burada hovuz istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev bu obyekti özü qəbul edib. Çox mürəkkəb obyektdir. Sıfırdan inşa olunub. Burada sinxron üzgüçülük, suya tullanma üçün zona yaradılıb. Şübhəsiz ki, cığırların uzunluğu da Olimpiya standartlarına cavab verir: 50 metr. Bakının özündə də fəal hazırlıq işləri görülür. Hərçənd şəhər onsuz da gözəldir. Bakı əla təəssürat oyadır. Bakı Avropa bər-bəzəyi, göydələnləri və qeyri-adi Şərq koloriti ilə Şərq ilə Qərbin kəsişməsində yerləşən şəhərdir. Şəhər sakinləri mehribandır, üzügülərdir, çoxları rus dilini öyrənir. Mən rus məktəblərindən birində dərsdə oldum. Şəhərdə rusca danışarkən heç bir problem hiss etmədim”.

Tezliklə rusiyalı idmançılar üçün yeni formanın təqdimatının keçiriləcəyini diqqətə çatdıran L.Savin deyib: “Dizaynerlər bizi Bakıda Avropa Oyunları üçün maraqlı idman kostyumları, vetrovka, tolstovka, polo, futbolka və digər aksessuarlar ilə təəccübləndirməyi vəd edirlər”.

Rusiya Olimpiya Komitəsinin nümayəndəsi qeyd edib ki, açılış mərasimində Rusiyanı ikiqat Olimpiya çempionu – gimnast Yelena Zamolodçikova təmsil edəcək. “Bakı-2015”-in təşkilat komitəsi möhtəşəm şou göstərməyi planlaşdırır. Yelena Zamolodçikova seçilmiş idmançılar sırasında Avropa Olimpiya Komitəsinin bayrağını aparacaq. Bu, bizim üçün həqiqətən böyük şərəfdir”.

L.Savin vurğulayıb: “Bakı bu layihə üçün çox yüksək səviyyə, əslində, Olimpiya səviyyəsi müəyyən edib. Biz Bakıya gedib, özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Demək istəyirəm ki, Bakıda iyun isti olacaq, özü də təkcə Selsi üzrə yox!”.

Xəbər lenti

Çox oxunanlar