Xəzər Xəbər

Bakı 2015: Daha 6 ölkənin nümayəndə heyəti Bakıda

Bakı-2015 | 09:48 • 6 İyun 2015
Bakı 2015: Daha 6 ölkənin nümayəndə heyəti Bakıda

APA-nın məlumatına görə, onları Heydər Əliyev Hava Limanında  “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.

 

İsveçin I Avropa Oyunlarındakı missiya rəhbəri Piter Reynebl hava limanında jurnalistlərə bildirib ki, səfərdə məqsəd komandanın qalacağı yerlərlə tanış olmaq və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin rəsmiləri ilə görüşlər keçirməkdir: "Komandamız Bakıya iyunun 9-da gələcək. Ölkəmiz I Avropa Oyunlarında 76 idmançı ilə təmsil olunacaq. İndiyədək dörd dəfə Bakıya səfər etmişik və idman obyektləri ilə tanış olmuşuq. Amma ən maraqlı günlər yarışlar başladıqdan sonra olacaq".

 

İrlandiyanın I Avropa Oyunlarındakı missiya rəhbəri Dorme Hinhan isə bildirib ki, irlandlar Bakıya iddialı gəlirlər: "62 idmançı ilə təmsil olunacağıq. Ümumilikdə, nümayəndə heyətimiz məşqçilər, həkimlər və menecerlərlə birlikdə 105 nəfərdən ibarətdir. Ölkəmizə 4 medalla dönə bilsək, I Avropa Oyunlarını bizim üçün uğurlu hesab etmək olar".

 

Nümayəndə heyəti onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar.

 

Qeyd edək ki, “Bakı-2015” I Avropa Oyunları işıqlandırmağa gələn jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında  “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.

 

Yarışlara kimi “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərir.

 

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.

Xəbər lenti