Xəzər Xəbər

“Bakı-2015” tibbi təlim proqramı başa çatdı

Bakı-2015 | 16:55 • 6 İyun 2015
“Bakı-2015” tibbi təlim proqramı başa çatdı

Proqram çərçivəsində 950 nəfər ilk tibbi yardım kurslarında iştirak edib.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 950 nəfər üçün reallaşdırdığı tibbi təlim proqramını artıq başa çatdırıb.

XezerXeber.com AzərTAc-a istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında icrasına başlanılan proqram çərçivəsində tibb təhsili alan 450 tələbə üçün ilk tibbi yardım təlimləri keçirilib. Bundan əlavə, təlim proqramı 500 həkim, tibb bacısı və təcili yardım işçisinə əsas tibbi yardım vərdişlərinin daha da yaxşılaşdırılması istiqamətində ixtisasartırma kurslarında iştirak etmək, bu sahədə ən son üsullara yiyələnmək imkanı yaradıb.

Təlim keçmiş tələbələr Avropa Oyunları zamanı yarışların keçirildiyi bütün idman obyektlərində tamaşaçılara ilk tibbi yardım göstərilməsi istiqamətində çalışacaqlar. Həkimlər və tibb bacıları isə tamaşaçılara ixtisaslı tibbi yardım göstərəcək, həmçinin idmançıların istənilən tibbi ehtiyaclarının təmin olunmasına görə də məsuliyyət daşıyacaqlar.

Tibbi təlim proqramından danışan “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bu tibbi təlim proqramının başlıca məqsədi yalnız Avropa Oyunlarının tamaşaçılarına və idmançılara dövrün tələblərinə cavab verən ən müasir tibbi yardım xidmətlərinin göstərilməsi deyil, eyni zamanda, davamlı əsaslarla bu yardımı təklif etməyə qadir olan insanların sayını artırmağa xidmət etməkdən ibarətdir.”

Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva isə bildirib: “Biz Avropa Oyunları zamanı yüksək tələblərə cavab verən ilk və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı olaraq üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. İdmançıların və tamaşaçıların ehtiyaclarını qarşılamaq üçün kifayət qədər imkanlarımız var və bütün ölkə uzun illər bu missiyadan lazımınca faydalanacaq.”

Xəbər lenti