XezerXeber.com baku2015.com-a istinadən xəbər verir ki, məşəl estafeti komandasının ilk dayanacağı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə yaradılmış və Azərbaycan mədəniyyətinin dünyaya yeni pəncərəsi olan Müasir İncəsənət Muzeyi olub.
Məşəlçi, xalq rəssamı Fərhad Xəlilov ilə alov heyəti ötən əsrin 50-ci illərindən sonra keçən 70 ilin Azərbaycanda avanqard cərəyanların rəssam və heykəltaraşlarının 1000-dən artıq əsərlərini dünyaya tanıdan nadir sənət ocağının zallarını gəzib.
Növbəti məşəlçi, məşhur heykəltəraş, xalq rəssamı Ömər Eldarov alovun müasir Azərbaycanın memarı olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və yeni Azərbaycanın dünyaya açılan qapısının, beynəlxalq aləmə inteqrasiyasının rəmzi olan mərkəzlə tanışlığına bələdçilik edib. Mərkəz həm memarlıq üslübü ilə müasir Azərbaycanın və onun paytaxtı Bakının rəmzinə çevrilib.
Alov səyahətinin sonrakı ünvanı SSRİ Xalq artisti, pianoçu, bəstəkar Fərhad Bədəlbəylinin müşayiəti ilə Heydər Əliyev Sarayı və parkı olub. Bakı sakinləri və qonaqlarının ən çox sevdiyi məkanlardan olan, Nizami küçəsindən Fəvvarələr Meydanına qədər məsafəni məşəlçilər - ağırlıqqaldırma üzrə dünya çempionu Nizami Paşayev, “Bakılı oğlanlar” komandasının tərkibində “Şən və Hazırcavablar Klubu”nun çempionu olmuş Tahir İmanov, muğam ifaçısı Ağaxan Abdullayev qət ediblər. Estafet mərhələsinin sonunda məşəli dünya şöhrətli yazıçı Çingiz Abdullayev qəbul edib və çoxsaylı mədəniyyət ocaqlarının, kütləvi ictimai-sosial və iaşə obyektlərinin olduğu bu məkanda onun müşayiəti ilə Nizami adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi ilə tanışlıq olub.
Alov səyahəti komandası Qış parkında da olub. 2013-cü ildə açılmış və əhalinin yeni istirahət məkanlarından birinə çevrilməkdə olan Qış parkı 7 hektar ərazidə olmaqla şəhər içində ən böyük parkdır. Burada məşəlçilər – bəstəkar Mirfaiq Sücəddinovun, şahmat qrossmeysteri, ikiqat Avropa komanda çempionu Şəhriyar Məmmədyarovun, güləşçi İlham Umayevin, veteran gimnast Elşad Nərimanovun iştirakı ilə “28 May” metro stansiyasına qədər yürüş olub. Güləş üzrə dünya çempionu Arif Abdullayev məşəllə Cəfər Cabbarlı meydanının qarşısına gəlib.
Məşəlçi Vitali Rəhimov alovqoruyanların müşayiəti ilə şəhərin ən çox istifadə olunan ictimai nəqliyyatı - Bakı metropolitenində “28 May” stansiyasından “İçərişəhər” stansiyasına qədər alov səyahətinin əsas qəhrəmanı olub.
Estafetin növbəti mərhələsində pianoçu Murad Adıgözəlzadə, idman veteranı Yaşar Məmmədov, müğənni, Bakı 2015-in ulduz elçisi Röya Ayxan və müğənni Abbas Bağırov məşəli Filarmoniya bağından funikulyora qədər aparıblar. Filarmoniya bağı sakitliyi və aurası ilə sakinlərin diqqətini həmişə çəkib. Zəngin tarixi və füsunkar landşaft kompozisiyaları olan bağ sonuncu dəfə 2009-cu ildə yenidən qurulub. Uzunluğu 455 metr olan Bakı Funiklyoru 1960-ci ildə istifadəyə verilərək, qısa zamanda, əhalinin sevimli nəqliyyat növünə çevrilib. Burada estafeti veteranlar - futbolçu Kazbek Tuayev, sonra boksçu Ağacan Abiyevə davam etdiriblər.
Estafet gününün son dayanacağı məşəlçilər - veteran güləşçi Firudin Qurbanovun, veteran futbolçu Yaşar Babayevin, taekvondo üzrə 2015-ci ilin dünya çempionu Radik İsayevin, London-2012 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə bürünc medalçısı Emin Əhmədovun, güləş veteranı Elçin Cəfərovun, ağırlıqqaldırma veteranı Məmməd Hüseynovun və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Bakı buxtasına və Xəzər dənizinə əsrarəngiz mənzərənin açıldığı Dağüstü park olub. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş igid övladları məhz burada - Şəhidlər xiyabanında dəfn olunublar. Azərbaycanın igid oğlu, II Dünya müharibəsi zamanı həlak olmuş tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun məzarüstü abidəsi də burada yerləşir.
Bu səyahətdən sonra alovun daha 3 məkanla tanışılığı olub 1910-1912-ci illərdə “ictimai toplantıların yay binası” adı altında inşa olunan indiki Dövlət Filarmoniyası sonralar məhz mədəniyyətimizin, milli və klassik musiqinin təkrarsız təbliğat oçağıdır. Məşhur dirijor Teymur Göyçayevin məşəl bələdəçiliyi etdiyi bu möhtəşəm konsert sarayında 7 kollektiv fəaliyyət göstərir.
Məşəl sonra 2011-ci ildə Aida Mahmudovanın təsis etdiyi YARAT qalereyasına gətirilib. Onun müşayiəti ilə məşəlin mərkəzlə tanışılığı başlanıb. Bu sənət ocağı istedadlı gənc yaradıcı insanlara dəstək olmaqla, onların sənətdə inkişafına təkan vermək, onların peşəkar layihələrinə işıq salmaq və tanıtmaqla qısa müddət ərzində əhali arasında məşhurlaşıb. Bu görüşlərin son məkanı isə YARAT-ın yaxınlığında yerləşən ənənəvi incəsənət qalereyaları ilə tamamlanıb.
Bakı 2015-in mərasimlər üzrə direktoru Katerina Uqvu məşəl estafetinin daha bir günü ilə bağlı bildirib: “Səbirsizliklə gözlədiyimiz 17 günlük yarış üçün Birinci Avropa Oyunları ərəfəsində beynəlxalq standratlara uyğun inşa edilmiş yüksək səviyyəli obyektlər və tamamlanmış infrastruktur işləri ilə yanaşı, alov səyahətinin də göstərdiyi kimi, Bakı həm də yüksək milli-mənəvi dəyərlərə malik mədəni dünyası, sosial mühiti, zəngin tarixi irsi ilə vəhdət yaradan gözəl şəhərdir”