Xəzər Xəbər

VİDEO: "Bakı 2015" Möhtəşəm açılış mərasimi

Bakı-2015 | 11:57 • 13 İyun 2015
VİDEO: "Bakı 2015" Möhtəşəm açılış mərasimi

Dünən Azərbaycan bütün dünyanı özünə heyran qoydu. Birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi əsrarəngiz şou ilə yadda qaldı. Azərbaycan milyonlarla insana nəyə qadir olduğunu sübut etdi.

Tarixi hadisə 68 min tamaşaçının sürəkli alqışları ilə başladı.

Bir anlıq stadiona çökən sükutu muğam avazı pozdu.Dünya şöhrətli xanəndə Alim Qasımovun giriş ifasından sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini əks etdirirdi.

Stadion gur işığa qərq olur və minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtürdü.Onların ətəkləri Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənmişdi.

Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yarandı.

Mərasim iştirakçıları Prezident İlham Əliyevi, birinci xanım, "Bakı-2015" ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini hərarətlə salamladılar.

Və Azərbaycanın dövlət himni səsləndirildi. Bütün zalın ayaq üstə oxuduğu himnin sədaları altında dövlət bayrağımız qaldırıldı.

Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış məşəlin səyahət marşrutu nümayiş etdirildi. Son məşəlçi - iki dəfə paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev birinci Avropa Oyunlarının məşəlini stadiona gətirdi.

Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf irəlilədi, onu bürüyüb cana gətirib oyatdı. Həmin adam şair Nizami idi. Beləliklə, Nizami Gəncəvinin yaradıcılığını, Azərbaycan incəsənətinin və ədəbiyyatının nümunələrini əks etdirən tamaşa başladı.

Sonra stadionun mərkəzində bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən nəhəng bir nar göründü. Nar paralandı və onun dənələri - qırmızı rəngli yüzlərlə şar tribunaların üzərində uçmağa başlayaraq ecazkar mənzərə yaratdı.

Sonra komandaların paradı başladı. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin - Yunanıstanın idmançıları səhnəyə daxil oldular. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəlirdilər. Komandalar keçdikcə dövlət başçıları idmançılarını salamlamaq üçün ayağa qalxırdı. Oyunlarda ən böyük nümayəndə heyəti - 359 idmançı ilə təmsil olunan Rusiyanı Prezident Vladimir Putin, tamaşaçılar tərəfindən xüsusi çoşqu ilə qarşılanan Türkiyə idmançılarını isə Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan salamladılar.

İdmançıların keçidini ev sahibi - Azərbaycan atletləri tamamladılar. 291 idmançımızın önündə üçrəngli bayrağımızı cüdo üzrə Avropa çempionu Elmar Qasımov aparırdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarımızı hərarətlə salamladılar.

Mərasimə damğasını vuran nömrələrdən biri dünya şöhrətli müğənni Ledi Qaqanın ifası oldu.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva səhnəyə çıxaraq tamaşaçıları salamladılar.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də çıxışından sonra Prezident İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan etdi.

Möhtəşən atəşfəşanlıqdan sonra bu dəfə Alim Qasımov uçan xalça üzərində muğam ifa etdi. Əlində səməi olan qadın Çat-çat olmuş torpaq üzərində irəlilədikcə ayaqları altında ot və bu yerlərdə bitən gül-çiçəklər cücərirdi. Yerdən çıxan su Xəzər dənizini əmələ gətirdi. Bu vaxt torpaqdan 100 rəqqas qalxdı. Rəqsin sədaları altında yerdən iri qaya parçaları çıxdı və Qobustanın qədim qayaüstü təsvirlərini əmələ gətirdi. Torpağın yarığından çıxan kişi "Sarı gəlin"in sədaları altında dairəvi qara lövhə yaxınlaşdı. Alov dilimləri yerdə nəhəng insan fiqurunun təsvirinə çevrildi. Kişi və qadın yanan daşı əllərindəki daşı parıldayan qara dairəvi lövhəyə tərəf tulladılar. Yanan daş lövhənin ortasına dəyib, onu parçaladı. Lövhə alışaraq alov dairəsinə çevrildi. Bu, ilk Avropa Oyunlarının məşəli idi.

 

Beləliklə, ən həyəcanlı an gəlib yetişdi və birinci Avropa Oyunlarının məşəli alovlandı. əngbərəng fişənglər Xəzərin və Bakı Olimpiya Stadionunun üzərində səmanı bəzədi və möhtəşəm bayram mənzərəsi yaratdı. Atəşfəşanlığın qızğın vaxtında ifaçılar səhnə boyunca düzüldülər. Onlar əl-ələ verib Azərbaycan milli rəqsi "Yallı" oynadılar. Nar dənəsi rəngində 20 min şar tamaşaçıların üzərinə səpələndi. Beləliklə Birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi başa çatdı.

 

Xəbər lenti