Bakıda ilk dəfə beynəlxalq səviyyədə qadınlar arasında keçirilən triatlon yarışında birinci Avropa Oyunlarının medallarını qazanmaq uğrunda 53 idmançı mübarizə aparır. Azərbaycanı yarışda Kseniya Levkovska təmsil edir. İdmançımız 32 nömrə altında çıxışa başlayıb.
Medala iddialı idmançılar arasında Olimpiya çempionu isveçrəli Nikola Spiriq və Olimpiadanın gümüş mükafatçısı isveçli Liza Norden də var. Bakıda keçirilən yarış onların London Olimpiya Oyunlarında təqribi bərabərliklərindən sonra ilk görüşü olacaq. Belə ki, N.Spiriq üç il əvvəl rəqibindən cəmi 15 santimetr öndə olmaqla qızıl medala yiyələnmişdi. Gələn il keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsi Bakıya salındığı üçün paytaxtımızda keçiriləcək yarış əzəli rəqiblərə eyni dərəcədə şans verir.
Qadınlar arasında ən böyük rəqiblərdən biri də dünya reytinqində altıncı yerdə olan iordaniyalı Aliyen Reydir. Medal qazanmağa namizəd olan digər idmançı isə niderlandlı Rakel Klamerdir. O, dünya çempionatında 12-ci yeri tutub, ötən il isə avropalı idmançılar arasında ilk sırada olub. Onun komanda yoldaşı Mayke Kaelers isə dünya çempionatlarında üçüncü nəticə göstərib.
Triatlon yarışında idmançılar əvvəlcə suda üzməli, sonra velosiped sürməli və daha sonra qaçaraq yarışı başa vurmalıdırlar.
Qadınlar arasında qalib idmançı "Rio-2016" yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak üçün öz Milli Olimpiya Komitəsinin təsnifat şəhadətnaməsini əldə edəcək.