Xəzər Xəbər

Bakı 2015: Zaretska yarımfinalda - YENİ

Bakı-2015 | 12:22 • 14 İyun 2015
Bakı 2015: Zaretska yarımfinalda - YENİ

Təmsilçimiz İrina Zaretska yunanıstanlı idmançı Vasiliki Panetsidounu məğlub etdi 1:0. Zaretska yarımfinaldadır.

 

12:09

 

Karate üzrə 68 kq çəkidə Azərbaycan təmsilçisi Aytən Səmədli ilə Xorvatiya təmsilçisi Masa Martinoviç tatami üzərində güclərini sınayıb. İdmançımız xorvatiyalı rəqibinə məğlub olub.

 

Kumite üzrə A qrupunda 68 kq çəkidə Azərbaycan təmsilçisi İrina Zaretska ilə Avstiya təmsilçisi Teresa Buçinqer yarışıb. 1-ci tatamidə yarışan idmançılar arasında qalib avstriyalı xanım karateçi olub.

 

Qadınlar arasında Kumite üzrə 68 kq çəki dərəcəsində təmsilçimiz Aytən Səmədli ilə fransız idmançı Nadeqe İbrahim döyüşüb. Aytən 2-ci görüşündə də məğlub olub. Fransalı idmançı 5:0 hesabıyla qalib gəlib.

 

11:38

 

Adilə Qurbanova da yarışla erkən vidalaşıb. Dünya kubokunun ikiqat qalibi almaniyalı Jasmin Bleul, türkiyəli Dilarə Bozan və xorvatiyalı Vlatka Kiuki qarşısında aciz qalıb.

 

Digər Azərbaycan təmsilçisi İrina Zaretska ilə ispan təmsilçi Kristina Vizkaino döyüşüb. İdmançımız İrina Zaretska ispaniyalı rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlib - 6:1.

 

11:28

 

B qrupunda mübarizə aparan həmyerlimiz Tural Balcanlı ilk görüşündə türkiyəli Yakan Mehmetə uduzduqdan sonra fransalı Dak Minlə qarşılaşıb. Təmsilçimiz bu dəfə də tatamini məğlub tərk edib ( 0:5). T. Balcanlı qrupda son olaraq Quta Adrian (Rumıniya) ilə görüşdən 5: 0 hesabı ilə qalib ayrılıb. Amma bu qələbə mərhələ adlamağa yetməyib.

 

10:08

 

İlk Avropa Oyunlarında karateçilərin mübarizəsinə bu gün yekun vurulacaq.

Yarışın sonuncu günü daha 6 dəst medal sahibini tapacaq.

İlk gündə Azərbaycan millisinin aktivinə 2 qızıl və 2 bürünc medal yazdıran karateçilərimiz bu gün medal sayını artıra bilərlər. Bakı Kristal Zalında keçirilən Oyunlarda təmsilçilərimizin 2-si kata, 4-ü isə kumite yarışında gücünü yoxlayacaq.

 

Kata

 

Kişilər

B qrupu

Bu qrupun ilk görüşündə həmyerlimiz Tural Balcanlı türkiyəli Yakan Mehmetə məğlub olub. O, 0:5 hesabı ilə uduzub. Gənc idmançımızın növbəti rəqibi fransız Dak Min olacaq. Avropa və Dünya Kubokunun mükafatçısı qrupda son olaraq Quta Adriana (Rumıniya) qarşı mübarizə aparacaq.

 

Qadınlar

B qrupu

Ölkəmizi təmsil edəcək Adilə Qurbanova ilk olaraq almaniyalı Jasmin Bleuldan üstün olmağa çalışacaq. Dünya kubokunun ikiqat qalibi daha sonra Dilarə Bozanla (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək. Qurbanovanın qrupdakı son rəqibi isə Xorvatiya təmsilçisi Vlatka Kiuk olacaq.

 

Kumite

 

Kişilər

84 kq

B qrupu

Bu çəkidə mübarizə aparacaq Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gələcək. Gənclər arasında dünya çempionatının qalibi olmuş Mamayevin növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olacaq. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vuracaq.

 

+84 kq

B qrupu

Azərbaycan karateçisi Şahin Atamov qrupda ilk sınağını dünya çempionu Ərkan Enesə qarşı verəcək. Dünya və Avropa çempionatının gümüş mükafatını qazanmış Atamov daha sonra elə də zəngin karyerası olmayan Martin Nestorovskini (Makedoniya) məğlub etməyə çalışacaq. Həmyerlimiz qrupdakı son görüşünü təcrübəli Spiridon Marqaritopulosa qarşı keçirəcək.

 

Qadınlar

68 kq

A qrupu

Azərbaycan yığmasının milliləşdirilmiş karateçisi İrina Zaretska yarışa olduqca ciddi rəqibə qarşı mübarizə ilə başlayacaq. 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) önünə çıxacaq. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələcək Zaretska növbəti mərhələyə vəsiqə uğrunda sonra görüşünü yunanıstanlı Vasiliki Panetsiduya qarşı keçirəcək.

 

+68 kq

A qrupu

Bu çəkidə mübarizə aparacaq Aytən Səmədli ilk oyununda Masa Martinoviçə (Xorvatiya) qalib gəlməyə çalışacaq. Həmyerlimizin növbəti rəqibi fransalı Nadege İbrahim Ait olacaq. Səmədli son görüşünü isə Hana Antunoviçə (İsveç) qarşı keçirəcək.

 

Qeyd edək ki, karate yarışlarına saat 10:00-da start veriləcək. Yarımfinallar və final görüşləri isə saat 17:00-da başlayacaq.

 

Xəbər lenti