İyunun 13-də “Bakı-2015” I Avropa Oyunlarının bağlanış mərasiminə 8 mindən çox bilet satılıb.
Bunu “Bakı-2015”" I Avropa Oyunları Əməliyyatlar Komitəsinin (BEGOC) baş direktoru Saymon Kleqq bu gün keçirilən mətbuat konfransında deyib.
S. Kleqq deyib ki, bağlanış mərasimi üçün biletlərin 24 saat ərzində satılacağını gözləyir.
“Yarışlara çox böyük maraq var. Bu gün 10 idman növündə yarışlar keçiriləcək. Sabah isə Azərbaycanın Qurtuluş Günüdür. Yəqin ki, bu səbəbdən biletlərə böyük tələbat olacaq. Biletlər yaxşı satılır. Açılış mərasiminin biletləri tam satılmışdı. Təbii ki, bəzi idman növləri Azərbaycanda az populyardır. Məsələn, güləş üçün bilet tapmaq mümkün olmur. Bəzən də biletləri elə qiymətə satmalıyıq ki, əlçatan olsun. Biletlərin qiymətləri 1-3 manat arasındadır. Finalların biletləri 3-5 manat təşkil edir. Bizim biletlərdən yüksək gəlir əldə etmək məqsədimiz yoxdur. Hazırkı durumdan razıyıq”, - deyə baş direktor qeyd edib.
Saymon Kleqq Avropa Oyunları zamanı nəqliyyat sisteminin işindən də razı qaldığını bildirib.
“Birinci Avropa Oyunları zamanı biz nəqliyyat sisteminin işindən çox razıyıq”.
Onun sözlərinə görə, şatl-avtobuslarının, ixtisaslaşmış taksi sürücüləri dəqiq təlimatlar alıblar və onlara riayət edirlər.