Azərbaycan idmançıları birinci Avropa Oyunlarında beşinci qızıl medalı qazanıblar. Bu medalların dördü karateçilərin payına düşür.
Kişilər arasında kumite yarışlarında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Ayxan Mamayev finalda yunanıstanlı atlet Georgius Mikail Tzanosu 2:1 hesabı ilə məğlub edərək birinci yeri tutub.
Bu çəki dərəcəsində bürünc medalı türkiyəli atlet Uğur Aktaş qazanıb.
Mükafatları qaliblərə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.
Beləliklə, Ayxan Mamayev karate yarışlarında öz uğurlu çıxışı ilə Azərbaycan Respublikasının dövlət himninin “Bakı-2015”-in idman arenalarında beşinci dəfə səsləndirilməsinə nail olub.
Birinci Avropa Oyunlarını çempionu Ayxan Mamayevin 23 yaşı var. Gənc olmasına baxmayaraq, artıq idman karyerasında bir sıra uğurlara imza atıb. 2012-ci və 2015-ci illərdə keçirilən Avropa çempionatlarının gümüş mükafatçısıdır. 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarında birinci, 2012-ci ildə dünya çempionatında isə üçüncü yeri tutub. Dörd il əvvəl 21 yaşınadək idmançılar arasında dünya çempionatının qızıl medalını qazanıb.
Ayxan kumiteyə başlamazdan əvvəl səkkiz il kata ilə məşğul olub. O hər döyüşə qalib gəlmək məqsədi ilə çıxır. Belə düşünür ki, məşq etməklə yanaşı, döyüş üçün psixoloji hazırlıq da çox önəmlidir.
Xatırladaq ki, Ayxan Mamayevin bu qələbəsi sayəsində Azərbaycan komandasının qazandığı medalların sayı 11-ə çatıb. Onların 5-i qızıl, 1-i gümüş, 5-i bürünc medaldır. Komandamız medalların sayına görə birinci Avropa Oyunlarında liderliyini möhkəmləndirib. İkinci yeri Rusiya Federasiyasının, üçüncü yeri isə qardaş Türkiyənin komandası tutur. Ümumiyyətlə, indiyədək yarışlarda iştirak edən 50 ölkənin yalnız 24-ü medal qazanmağa nail olub.