Azərbaycan güləşçiləri birinci Avropa Oyunlarında daha bir qızıl medal qazanıblar.
Bu qızılı komandamızın aktivinə Elvin Mürsəliyev yazdırıb.
Final görüşündə Serbiya idmançısı Viktor Nemesi məğlub edən Elvin Mürsəliyev Avropa Oyunlarının çempionu adını qazanıb. Rusiyalı Ç.Labazanov və Ukrayna güləşçi Dmitri Puşkov yarışı üçüncü pillədə başa vurublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri yarışı arenada izləyiblər.
Medalları qaliblərə Prezident İlham Əliyev təqdim edib.
Azərbaycan dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.
Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionu Elvin Mürsəliyev (75 kq) qələbəyə gedən yolda Slovakiya təmsilçisi Riçard Riqo, rumıniyalı İonel Puskasu, Rusiya güləşçisi Çingiz Labazanov və gürcüstanlı Zurabi Datunaşviliyə qalib gəlib.
Beləliklə, “Bakı-2015”in üçüncü yarış günündə də uğurla çıxış edən komandamız qızıl medallarının sayını 6-ya çatdırıb.
Elvin Mürsəliyev öz idman karyerası ərzində diqqət çəkən uğurlar qazanıb. 2008-ci ildə İstanbulda gənclər arasında dünya çempionatında birinci yeri tutub. Avropa çempionatlarında gümüş və bürünc medallara sahib olub.
O, idmanla 12 yaşından məşğul olur. İlk yarışa 1999-cu ildə çıxıb. Hazırda “Neftçi” idman klubunda Əfsər Namazəliyevin rəhbərliyi ilə məşq edir.