Xəzər Xəbər

Nataliya bürünc medal qazandı

Bakı-2015 | 19:49 • 15 İyun 2015
Nataliya bürünc medal qazandı

Xanım idmançılar bu gün 4 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparıb.

 

Bütün çəki dərəcələrində təmsil olunan yığmamız günü 2 medalla başa vurub. Millimizin lideri Mariya Stadnik yenə də Avropada rəqibinin olmadığını sübuta yetirməklə, çempion adına yiyələnib. Ondan fərqli, Natalya Sinişin Oyunları bürünc medalla bitirib.

 

Qadın güləşi

48 kq

 

Bu çəki dərəcəsində Azərbaycanı yığmamızın lideri Mariya Stadnik təmsil edib. Təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb. Stadnik ilk görüşdə portuqaliyalı Liliana Kosta dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükafatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib. Təmsilçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü yoxlayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2.

Dünya çempionumuz həlledici görüşdə bolqarıstanlı Eltsa Yankova ilə güləşib. Stadnik döyüşü vaxtından əvvəl bitirərək (12:1), çempion adına layiq görülüb. Bu yığmamızın yarışda 7-ci qızıl medalı, ümumilikdə isə 15-ci mükafatı olub. 

 

55 kq

Azərbaycan güləşçisi Natalya Sinişin də mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşı idmançımızın 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb (10:0). Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və bu rəqibə də böyük güc sərf etməyib. O, yenə görüşü vaxtından əvvəl bitirib - 12:0. Natalya yarımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin milliləşdirilmiş legionerimiz uğurun davamını gətirə bilməyib. İdmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib.

 

Buna baxmayaraq, o bürünc medal uğrunda çıxışını davam etdirib. Ukraynalı Tatyana Kitlə güləşən Sinişin cütün taleyini vaxtından əvvəl həll edib – 10:0. Onun qazandığı bürünc medalla da millimizin hesabındakı mükafatların sayı 16-ya (7-2-7) çatıb. 

 

60 kq

Ölkəmizi bu çəki dərəcəsində təmsil edən Yuliya Ratkeviç 1/8 finaldan mübarizəyə başlayıb. Dünya və Avropa çempionu, həmçinin, Universiadanın qalibinin ilk rəqibi bolqarıstanlı Tsibe Yuseyn olub. Yığmamızın lideri startdaca məğlubiyyətə üzülüb. O, gözlənilmədən Yuseynə 4:14 hesabı ilə uduzub. Bolqar güləşçi finala yüksələ bilmədiyindən Ratkeviç yarışla vidalaşıb.

 

69 kq

1/8 finaldan mübarizəyə başlayan Azərbaycan güləşçisi Nadya Muşka rusiyalı Natalya Vorobyova ilə qarşılaşıb. Görüş 29 yaşlı güləşçimiz üçün uğursuz alınıb (0:7) və daha təcrübəli rəqib mərhələ adlayıb. Lakin Vorobyova yarımfinal səddini keçə bilmədiyindən, Muşka təsəlliverici görüşlərə qatılmaqdan məhrum olub.

 

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsi sabah da davam edəcək.

Xəbər lenti

Çox oxunanlar