Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında qadın güləşçilərin yarışında daha 4 idmançımız mübarizə aparacaq.
Trend xəbər verir ki, Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında bu gün Azərbaycanı 55 kq çəki dərəcəsində Anjela Doroqan, 58kq çəki dərəcəsində İrina Netraba, 63 kq çəki dərəcəsində Elmira Qəmbərova, 75 kq çəki dərəcəsində Gözəl Zutova təmsil edəcəklər.
XXX
İrina Netraba 1/4 finalda
Qadın güləşçilərinin yarışında 58 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi İrina Netraba 1/8 final mərhələsində İtaliya idmançısı Karola Raynero ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada güləşçimiz rəqibini 8:4 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdəki rəqibi Bolqarıstan idmançısı Mimi Hristova olacaq.
Qadın güləşçilərinin yarışında 63 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Elmira Qəmbərova 1/8 final mərhələsində İsveç idmançısı Henna Yohanson ilə qarşılaşıb. Güləşçimiz rəqibinə vaxtından əvvəl məğlub olub.
Qeyd edək ki, qadın güləşçilərimiz yarışlarda artıq 2 medal qazanıblar. Təmsilçimiz Mariya Stadnik (48kq) Oyunların qızıl, Nataliya Sinişin (55 kq) isə bürünc medalın sahibi olublar.
Yunan-Roma üzrə yarışlarda kişi güləşçilərimiz isə iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olublar.