Xəzər Xəbər

Ayxan Tağızadə finalda - Canlı yayım

Bakı-2015 | 17:19 • 17 İyun 2015
Ayxan Tağızadə finalda - Canlı yayım

Kişilər arasında taekvondo üzrə 68 kiloqram çəki dərəcəsində yarışın yarımfinalında Azərbaycan idmançısı, yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı Ayxan Tağızadə rusiyalı Aleksey Denisenko ilə qarşılaşıb.

Taekvondoçumuz rəqibini 7:5 hesabı ilə məğlub edərək finala yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva idmançımızın oyununu izləyiblər.

 

17:20

Taekvondonun 68 kiloqramdan aşağı çəki dərəcəsində kişilərin yarışının dörddəbir finalında rusiyalı Aleksey Denisenko Böyük Britaniya idmançısı Martin Stamperi 18:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Aleksey Denisenko yarımfinalda Azərbaycan idmançısı Ayxan Tağızadə ilə qarşılaşacaq. A.Tağızadə dörddəbirdə ispaniyalı Joel Bonilla Qonzalezi 7:5 məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Yarışın dörddəbir final mərhələsinin digər oyununda isə polşalı Karol Robak portuqaliyalı Mario Silvanı 10:2 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinalda oynamaq hüququ qazanıb. Onun yarimfinaldakı rəqibi moldovalı Vladislav Arventidir. Moldovalı idmançı dörddəbirdə italiyalı Klaudio Trevisounu yarışdan kənarlaşdırıb - 11:9.

Qadınların mübarizəsində 57 kiloqramdan aşağı çəki dərəcəsində dörddəbir finalda ispaniyalı Eva Qomez Kalvo türkiyəli Hatice Yanqına 11:3 hesabı ilə qalib gəlib. Eva Qomez Kalvo yarımfinalda xorvatiyalı Ana Zaninoviç ilə qarşılaşacaq. Xorvatiyalı idmançı A.Zaninoviç dörddəbirdə serbiyalı Draqana Qladoviçi 14:1 hesabı ilə məğlub edib.

Dördddəbir finalın digər oyununda isə isveçli Nikita Qlasnoviç fransalı Floriane Liborionu 6:5 məğlub edib. Bununla da isveçli idmançı yarımfinalda mübarizə aparmaq hüququ əldə edib. Böyük Britaniya idmançısı Ceyd Cons isə macarıstanlı Edina Kotsisi 5:2 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.

16:05

“Bakı-2015”-də taekvondo üzrə 68 kiloqramdan aşağı çəki dərəcəsində kişilərin yarışının dörddəbir final mərhələsində mübarizə aparan Azərbaycan idmançısı, yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı Ayxan Tağızadə ispaniyalı Joel Bonilla Qonzalezi 7:5 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda idmançımızın rəqibi rusiyalı Aleksey Denisenko olacaq.

Qeyd edək ki, ispaniyalı Joel Bonilla Qonzalez 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında və həmin il Avropa çempionatında qızıl medal qazanıb.

11:59

Kişilərin yarışında mübarizə aparan idmançımız, yeniyetmələr arasında Avropa çempionatının ikincisi Ayxan Tağızadə (-68 kq) ilk görüşdə qitə birinciliyinin mükafatçısı sloveniyalı Jure Pantaraya 11:3 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə adlayıb.

Qadınların yarışında ilk görüşdə serbiyalı idmançı, London Yay Olimpiya Oyunlarının iştirakçısı Draqana Qladovic ilə qarşılaşan Azərbaycan taekvondoçusu Günay Ağakişiyeva (57 kq) isə rəqibinə 4:8 hesabı ilə məğlub olub.

10:47

Birinci Avropa Oyunlarının altıncı günündə - iyunun 17-də "Baku Crystal Hall"da qadınlar və kişilər arasında taekvondo yarışları davam edir.

Bu gün dayanq üzərində qadınlar arasında 57 və kişilər arasında 68 kiloqram çəki dərəcələrində taekvondoçular güclərini sınayacaqlar.

Yarışda mübarizə aparacaq taekvondoçularımızın ilk rəqibləri müəyyənləşib. Ayxan Tağızadə (68 kq) sloveniyalı Jure Pantar, Günay Ağakişiyeva (57 kq) isə serbiyalı Draqana Qladovic ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa ölkələrindən 128 idmançının mübarizə apardığı taekvondo yarışlarında dörd gün ərzində səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Xəbər lenti