Azərbaycan komandası akrobatika gimnastikası üzrə qızlar arasında keçirilən komanda və qarışıq çütlüklərin yarışlarında final mərhələsinə vəsiqə qazanıb.
Bakıda davam edən birinci Avropa Oyunları çərçivəsində iyunun 17-də Milli Gimnastika Arenasında keçirilən komanda yarışlarında 11, qarışıq çütlüklərin mübarizəsində isə 9 ölkə təmsilçisi qüvvəsini sınayıb. İdmançılar əsasən müvazinət və temp hərəkətlərini nümayiş etdiriblər.
Gün boyu davam edən yarışlarda azərbaycanlı gimnastlar qrupu (Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova) ümumilikdə 54.82 xal toplayıb. Bu göstərici idmançılarımızın mübarizəni davam etdirməsi üçün yetərli olub. Komanda yarışlarının təsnifat mərhələsində ilk üç yeri Belçika (57,82), Rusiya (56,91) və Belarus (56,63) idmançıları tutub.
Beləliklə, final mərhələsində Azərbaycan komandası ilə yanaşı, Belçika, Rusiya, Belarus, Böyük Britaniya və Ukrayna akrobatları mübarizə aparacaqlar.
Azərbaycan təmsilçiləri Ulyana Dyakova və Anatoliy Leonov cütlüyünün müvazinət və temp hərəkətləri üzrə çıxışları isə ümumilikdə 52.27 xalla qiymətləndirilib. Bununla da idmançılarımız altıncı yerdə qərarlaşaraq finalda iştirak etmək hüququ qazanıblar.
Yarış cədvəlinə isə ümumilikdə 59.56 xalla Marina Şernova və Georgi Pataraya (Rusiya) cütlüyü başçılıq edir. Belçika idmançıları 57.52 xalla ikinci, Böyük Britaniya təmsilçiləri isə 56.81 xalla üçüncü yeri tuturlar. Qarışıq cütlüklərin final mərhələsində Azərbaycan idmançıları ilə bərabər Rusiya, Belarus, Böyük Britaniya, Ukrayna və Portuqaliya akrobat giminastları yarışacaqlar.
Gimnastların növbəti çıxışı iyunun 19-da olacaq.
“Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil edilən iki qeyri-Olimpiya gimnastika növündən biri olan akrobatika gimnastikası üzrə yarışlar iyunun 21-dək davam edəcək. Bu yarışlarda qarışıq cütlərdə və qadın qruplarında 53 idmançı mübarizə aparır.