“London-2012” Olimpiya Oyunlarının qalibi, Avropa və yeniyetmələr arasında dünya çempionu Toğrul Əsgərov qazandığı medalların siyahısına birinci Avropa Oyunlarının qızılını da əlavə edib.
Toğrul Əsgərov final görüşünün birinci hissəsində İtaliya təmsilçisi Frank Markez Çamizonun kürəyini yerə vuraraq təmiz qələbə qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
Yarışa rusiyalı İlyas Bekbulatov üzərində qələbə ilə başlayan güləşçimiz Moldova təmsilçisi Mixail Savanı məğlub edərək dörddəbir finala yüksəlib. Fransalı güləşçi Maksim Fiqueti yarışdan kənarlaşdıran Toğrul Əsgərov yarımfinalda belaruslu Azamat Nurikaudan üstün olub.
İyirmi iki yaşlı Toğrul Əsgərov güləşlə 2008-ci ildən məşğul olmağa başlayıb. “Neftçi” idman klubunun yetirməsi olan pəhləvanın şəxsi məşqçisi Elçin Zeynalovdur. Toğrul Əsgərov 2008-ci ildə Latviyada, bir il sonra Serbiyada təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. 2010-cu ildə Rusiyadakı mundialda ikinci, Bolqarıstandakı qitə çempionatında birinci olan Toğrul bir il sonra Rumıniyada keçirilən dünya çempionatının qalibi olub. 2012-ci il London Olimpiadasının qızıl medalını qazanan güləşçimiz həmin il Serbiyada keçirilən böyüklər arasında Avropa çempionatında da birinci yeri tutub.