Xəzər Xəbər

Bakı-2015: Ruslan və Hacıdan bürünc medal

Bakı-2015 | 19:27 • 18 İyun 2015
Bakı-2015: Ruslan və Hacıdan bürünc medal

Avropa çempionu Ruslan Dibirhacıyev də “Bakı-2015”in bürünc medalına sahib olub. Belə ki, üçüncü yer uğrunda görüşdə Ruslan Dibirhacıyev gürcüstanlı Davit Tlaşadzeyə qalib gəlib.

19:13

Avropa və dünya çempionu Hacı Əliyev bürünc medal uğrunda görüşdə Türkiyə təmsilçisi Munir Recep Aktaşa qalib gəlib və birinci Avropa Oyunlarını üçüncü pillədə başa vurub.

14:35

Avropa çempionu Ruslan Dibirhacıyev ilk görüşdə Maqomedmurad Hacıyevə (Polşa) məğlub olsa da, rəqibin finala yüksəlməsi güləşçimizin təsəlliverici görüşlərdə mübarizə aparmasına şərait yaradıb. Bolqarıstanlı Miroslav Kirov və Macarıstan güləşçisi Zsombor Qulyasa qalib gələn Ruslan Dibirhacıyev bürünc medal uğrunda görüşdə Davit Tlaşadze ilə üz-üzə gələcək.

14:12

Daha bir güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Nurməhəmməd Hacıyev Bolqarıstan təmsilçisi Georgi Sredkovu məyus edərək dörddəbir finala çıxsa da, rusiyalı Əbdüllrəşid Sadulaevə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşdə iştirak imkanı yaradıb. İtaliyalı Tudor Vasile Zuza qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşdə Polşa təmsilçisi Radoslav Marçinkieviçlə qarşılaşacaq.

13:57

Avropa və dünya çempionatının bürünc mükafatçısı Cəmaləddin Məhəmmədov yarışa qələbə ilə başlayıb. Güləşçimiz litvalı Jonas Rudaviciusdan üstün olub. Səkkizdəbir final mərhələsində Cəmaləddin Məhəmmədov “Bakı-2015”-in idman elçisi, türkiyəli güləşçi Taha Akgülə məğlub olub. Türkiyə təmsilçisi finala yüksəldiyi üçün Cəmaləddin Məhəmmədov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Polşa təmsilçisi Robert Barana qalib gələn güləşçimiz bürünc medal uğrunda slovakiyalı Soslan Qaqloyev ilə üz-üzə gələcək.

13:33

Avropa və dünya çempionu Hacı Əliyev birinci Avropa Oyunlarının bürünc medalı uğrunda mübarizə aparacaq. Çünki güləşçimiz yarımfinalda rusiyalı Aleksandr Boqomoyevə məğlub olub.

12:38

Avropa və dünya çempionatının bürünc mükafatçısı Cəmaləddin Məhəmmədov litvalı Jonas Rudaviciusu ilk görüşdə məğlub etsə də, səkkizdəbir final mərhələsində türkiyəli güləşçi Taha Akgülə məğlub olub.

Taha Akgül birinci Avropa Oyunlarının beynəlxalq idman elçisidir. Güləşçi 2012-ci ildə Serbiyada və 2013-cü ildə Gürcüstanda təşkil olunan Avropa çempionatında, ötən il Özbəkistanda keçirilən mundialda qızıl medal qazanıb. Taha Akgül, həmçinin Kazan Universiadasının da qızıl medalına sahib olub.

12:33

Avropa və dünya çempionu Hacı Əliyev daha bir qələbə qazanıb. Slovakiya təmsilçisi Mykola Bolotnjuk üzərində qələbə qazanan güləşçimiz yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Hacı Əliyev rusiyalı Aleksandr Boqomoyevlə qarşılaşacaq.

11:27

Daha bir idmançımız növbəti mərhələyə adlayıb. Belə ki, Nurməhəmməd Hacıyev (86 kq) Bolqarıstan təmsilçisi Georgi Sredkovu məyus edərək dörddəbir finala çıxıb. İdmançımızın növbəti rəqibi Əbdüllrəşid Sadulaev (Rusiya)-Tudor Vasile Zuz (İtaliya) görüşün​ün qalibi olacaq.

11:08

Avropa və dünya çempionumuz Hacı Əliyev birinci Avropa Oyunlarına möhtəşəm qələbə ilə başlayıb. Ermənistanlı Valodya Franqulyanı məğlub edən güləşçimiz Slovakiya təmsilçisi Mykola Bolotnjuk ilə qarşılaşacaq

10:42

Avropa və dünya çempionatının bürünc mükafatçısı Cəmaləddin Məhəmmədov yarışa qələbə ilə başlayıb. Güləşçimiz litvalı Jonas Rudaviciusdan üstün olub. Səkkizdəbir final mərhələsində Cəmaləddin Məhəmmədov “Bakı-2015”-in idman elçisi, türkiyəli güləşçisi Taha Akgüllə qarşılaşacaq.

10:17

 

“Bakı-2015” birinci Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsi davam edir.

Güləş yarışlarının altıncı günündə Heydər Əliyev adına İdman Sarayında 61, 70, 86 və 125 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərinə çıxırlar.

Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Hacı Əliyev (61kq) ermənistanlı Valodya Franqulyan, Ruslan Dibirhacıyev (70 kq) Miroslav Kirov (Bolqarıstan) – Maqomedmurad Hacıyev (Polşa) qarşılaşmasının qalibi ilə, Nurməhəmməd Hacıyev(86 kq) Bolqarıstan təmsilçisi Georgi Sredkov, Cəmaləddin Məhəmmədov (125 kq) isə litvalı Jonas Rudavicius ilə qarşılaşacaq.

Sərbəst güləşçilərimiz ilk yarış günündə 2 qızıl və 1 bürünc medal əldə ediblər. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, yarışın ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olublar. Qadın güləşçilərin mübarizəsində isə idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Xəbər lenti

Çox oxunanlar