Bu gün hesabına 3 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 33-ə çatıb.
İlk 9 gündən sonra Azərbaycan 14 qızıl, 6 gümüş, 13 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.
Bu siyahının lideri Rusiyadı. Bu gün daha 9 medal əldə edən şimal qonşularımız izləyiciləri ilə fərqi bir qədər də artırıb. Hesabında 59 mükafat olan rusiyalıların medallarından 29-u qızıl, 17-si gümüş, 13-ü bürüncdü.
Üçüncü pillədə isə dəyişiklik olub. Bu gün aktivinə 2 qızıl, 2 gümüş, 1 bürünc medal yazdıran Almaniya komanda hesabında 3-cü sıraya yüksəlib. Günü medalsız başa vuran Macarıstan nəinki 3-cülüyü əldən verib, hətta 6-cı pilləyə enib.
Ən diqqətçəkən yüksəlişi İsveçrə edib. İsveçrə millisi 4 qızıl, 1 bürünc medal qazanaraq, 5-ci sıraya qədər irəliləyib.
Bu gün həmçinin medal qazanan ölkələrin sırasına daha biri qoşulub. Gimnastikada bir "qızıl" qazanan Sloveniya 38-ci medalçı komanda olub.
Qeyd edək ki, Bakı-2015-in ilk 9 günündə ümumilikdə 377 - 115 qızıl, 115 gümüş, 147 bürünc medalın sahibi müəyyənləşib. 38 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 23-ü çempionluq sevinci yaşayıb.