Xəzər Xəbər

Patrik Hikki: Növbəti Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var

Bakı-2015 | 12:01 • 21 İyun 2015
Patrik Hikki: Növbəti Avropa Oyunlarını keçirmək üçün 7 namizəd ölkə var

Bizim 2019-cu il üçün hədəfimiz bir sıra Avropa çempionatlarını Avropa Oyunlarına daxil etməkdir.

Bu sözləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Komitənin İdarə Heyətinin Avropa idman federasiyalarının nümayəndələri ilə görüşdə deyib.

Xəzərxəbər Avropa Olimpiya Komitəsinin məlumatına istinadla xəbər verir ki, iclasda “Bakı-2015”in gedişatını yüksək dəyərləndirən Avropa idman federasiyaları 2019-cu ildə keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarının proqramı barədə fikirlər səsləndiriblər. İştirakçılar Avropa Oyunlarında hazırlıqlı idmançıların iştirakını, idman növlərinin təqdim edilməsi səviyyəsini və yarışların yayım əhatəsinin geniş olmasını yüksək qiymətləndiriblər. Avropa idman federasiyaları öz iş planlarını 2019 və 2023-cü illərdə keçiriləcək Avropa Oyunlarına uyğun qurmağa hazır olduqlarını bildiriblər. Bir sıra federasiyalar çempionatların 2019 və 2023-cü illərdə Avropa Oyunlarına daxil edilməsi üçün işlərə başlayacaqlarını bildiriblər.

AOK-un prezidenti Patrik Hikki bildirib ki, 2019-da nəzərdə tutulan Oyunların proqramı bir sıra amillərdən asılı olacaq. “Bunlar arasında yarışların keçiriləcəyi şəhərin idman infrastrukturu xüsusilə qeyd edilməlidir. Biz Avropa Oyunlarının konsepsiyasından artıq əminliklə danışa bilərik. Bizim 2019-ci il üçün hədəfimiz Avropa Oyunlarına bir sıra Avropa çempionatlarını və Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazandıracaq daha çox idman növlərini daxil etməkdir. Bunu həyata keçirmək üçün Avropa federasiyaları və Beynəlxalq Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edəcəyik. Eyni zamanda mən “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsini belə dünya səviyyəli idman tədbirinə təşkilatçılıq etdiyi üçün təbrik edirəm”, - deyə o qeyd edib.

" 2019-cu ildə Avropa Oyunlarını keçirmək üçün Niderlandı əvəzləmək istəyən 7 namizəd ölkə var". Bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

 Onun sözlərinə görə, Niderland "Bakı-2015" I Avropa Oyunlarının təntənəli açılış mərasimindən bir neçə gün əvvəl Oyunların çox böyük maliyyə vəsaiti tələb etməsi səbəbindən imtina etdiyini açıqlayıb: "Onun imtina etməsi bu qitə tədbirinin gələcəyinin olmaması ilə bağlı iddiaları artırsa da, I Avropa Oyunları bütün gözləntiləri doğruldub və ikinci mərhələdə bir çox ölkələrin bu Oyunları keçirməsinə marağı artırıb. Bizim əvvəlcə altı namizədimiz var idi. Daha sonra Niderland imtina etdi. Hazırda iki əlavə namizədimiz də var. Ancaq bir müddət heç bir qərar verilməyəcək".

 

Hikki əlavə edib ki, ümumilikdə, "Bakı-2015" I Avropa Oyunlarından çox razıdı.

Avropa Gimnastika Birliyinin prezidenti Jorj Gelzek Avropa Oyunlarında iştirak etməklərindən məmnun olduqlarını bildirib. O, təşkilatın 2019-cu ildə də bu yarışlarda iştirak etməsini tövsiyə edəcəyini qeyd edib. Birliyin rəhbəri “Bakı-2015”in gimnastların bacarıqlarını nümayiş etdirmək üçün gözəl platforma olduğunu söyləyib.

 

Xəbər lenti

Çox oxunanlar