1/4 finala gedən yolda daha 5 çəkidə döyüşlər keçirilir.
Bunun 4-də kişi, 1-də qadın boksçular mübarizə aparırlar. Artıq Azərbaycan yığmasının üzvləri bugünkü görüşlərini bitiriblər. Bütün çəki dərəcələrində rinqə çıxan boksçularımız döyüşlərini qələbə ilə başa vurublar. Bununla da 1/4 finalda mübarizəni davam etdirəcək idmançılarımızın sayı 13-ə çatıb.
Boks
21 iyun
Kişilər
64 kq
1/16 final mərhələsində slovakiyalı Edin Seydinoviçi mübarizədən kənarlaşdıran Lorenzo Sotomayor bu dəfə moldovalı Dmitri Qalaqotu sınağa çəkib. Kuba əsilli boksçumuzla Avropa çempionatının mükafatçısının duelindən təmsilçimiz qalib ayrılıb. Lorenzo rəqibinin 1 raundda belə sevinməsinə imkan verməyərək, 3:0 (30:27; 30:27; 30:27) hesablı qələbə sayəsində 1/4 finalda iştirak hüququ qazanıb.
Boksçumuz növbəti mərhələdə Daniel Nikulesku (Rumıniya) ilə döyüşəcək. Görüş iyunun 23-də saat 20:15-də başlayacaq.
69 kq
Mübarizəyə bu gündən qoşulan Pərviz Bağırov 1/8 finalda əvvəlki döyüşündə Anas Messaudini məğlub edən moldovalı Vasili Belusla qarşılaşıb. 21 yaşlı boksçumuz debütdəcə yarışa yaxşı hazırlaşdığını nümayiş etdirib. Avropa çempionumuz London-2012-nin iştirakçısı olmuş rəqibinə çətin anlar yaşadaraq, hər 3 raundu xeyrinə bitirib – 3:0 (30:27; 20:27; 30:27).
Bağırov 1/4 finalda Abass Baraou (Almaniya) ilə döyüşəcək. Görüş iyunun 23-də saat 21:15-ə təsadüf edəcək.
75 kq
Bu çəkidə Azərbaycanı təmsil edəcək Xaybula Musalov ilk qarşılaşmasını fransız Kristian Haller-Assomo Mbilliyə qarşı keçirib. 1/16 finalda moldovalı Avropa üçüncüsü Viktor Çarapçevşiyə qalib gələn 20 yaşlı idmançı ilə döyüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb – 3:0 (29:28; 29:28; 29:28).
Musalov 1/4 finalda Vitali Bandarenka ilə qarşılaşacaq. 1/8 finalda israilli Artyom Maslıyı mübarizədən kənarlaşdıran (3:0) rəqiblə döyüş iyunun 24-də saat 13:30-da start götürəcək.
91 kq
Azərbaycan boksçusu Abdulqadir Abdullayev ilk cəhdində macarıstanlı Adam Hamori ilə gücünü yoxlayıb. Təmsilçimiz 1/16 finalda slovakiyalı Erik Tlkaneçi mübarizədən kənarlaşdıran rəqibi asanlıqla mübarizədən kənarlaşdırıb. O, hər 3 raunda Hamoridən güclü olub – 3:0 (30:25; 30:27; 30:25). Abdullayev 1/4 finalda Raul Omba Bionqolo (Fransa) ilə üz-üzə gələcək. Görüş iyunun 23-də saat 21:30-da olacaq.
Qadınlar
60 kq
Qadın boksçularımızdan Yana Alekseyevna 1/8 finalda kifayət qədər təcrübəli finlandiyalı Mira Potkonenlə üz-üzə gəlib. 27 yaşlı idmançımız özündən 7 yaş böyük olan rəqiblə gərgin mübarizədən qalib ayrılıb – 3:0.
Boksçumuz növbəti görüşünü rusiyalı Zinaida Dobrıninaya qarşı keçirəcək. Rəqib 1/8 final mərhələsində İsveçrə idmançısı Sandra Bruggeri məğlub edib - 3:0. Alekseyeva - Dobrınina qarşılaşması iyunun 24-də 12:30-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov, (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.