Bunun 5-də kişi, 2-də qadın boksçular mübarizə aparacaqlar. Azərbaycanın kişi boksçuları bu gün baş tutacaq bütün çəki dərəcələrində rinqə çıxacaq.
Boks, 22 iyun
Kişilər
49 kq
Avropa və dünya çempionumuz Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulacaq. Boksçumuz ilk cəhddə irlandiyalı Brendan İrvinlə gücünü yoxlayacaq. Əlizadə 1/8 finalda bolqarıstanlı Tinko Banabakov üzərində qələbə qazanan rəqibini saat 13:30-da rinqə dəvət edəcək.
52 kq
1/8 finalda irlandiyalı Keysi Maylsi məğlub edən Elvin Məmişzadə bu dəfə bolqarıstanlı Daniel Asenovla döyüşəcək. Gənclər arasında Avropa çempionlarının dueli saat 19:30-da start götürəcək.
56 kq
İlk qarşılaşmasında rumıniyalı Nikolae Andreiananı mübarizədən kənarlaşdıran Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qüvvəsini sınayacaq. Əliyevin öncəki mərhələdə Koota Mattini (Finlandiya) məğlub edən Yansenlə görüşü saat 14:00-a təsadüf edəcək.
81 kq
Bu çəkidə mübarizə aparan Teymur Məmmədov hərbçilər arasında dünya çempionu olan hollandiyalı Peter Mullenberqlə qarşılaşacaq. Bura qədər iki idmançını - Joşua Buatsi (Böyük Britaniya) və Yordan Kulinskini (Polşa) üstələyən 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı rinqə 20:45-də çıxacaq.
+91 kq
Gürcüstanlı Mixail Baxtidzeyə qalib gələn yığma komandamızın lideri Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə qarşılaşacaq. 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya çempionatının ikiqat qalibinin döyüşü saat 21:00-da baş tutacaq.