Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.
Mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, MOK-un baş katibi Ağacan Əbiyev, Olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurov iştirak ediblər.
Ötən gün azərbaycanlı samboçular Nəzakət Xəlilova (-52 kq), İslam Qasımov (-57 kq), Amil Qasımov (-74 kq) və Vasif Səfərbəyov (+100 kq) gümüş medallar qazanıblar.
Ç.Hüseynzadə bildirib ki, hər il iyunun 23-də bütün dünyada Olimpiya hərəkatının müasir formada dirçəlməsinə həsr olunmuş Beynəlxalq Olimpiya Günü qeyd edilir: “Bu gün ənənəvi olaraq müxtəlif tədbirlər keçirilir. Cari ildə Beynəlxalq Olimpiya Günü I Avropa Oyunlarının keçirilməsi dövrünə təsadüf edir”.
Daha sonra idmançılar nar ağacının qızıl, gümüş və bürünc medallarını tərənnüm edən simvolik bəhrələri üzərində imza atıblar.