Azərbaycan millisi bu mötəbər yarışın ən yaxşısı adını qazanıb.
Belə ki, 15 çəki dərəcəsində mübarizə aparan boksçuların yarışında yığmamız 11 medal qazanıb. Hesabında 6 qızıl, 1 gümüş və 4 bürünc mükafat olan komandamız bu göstəricidə hamını qabaqlayıb.
Avropanın ən yaxşısı adına yiyələnən millimiz həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Boksçularımızın ən yaxın izləyici olan Rusiya Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan yalnız 1 medal geri qalan şimallılar 10 dəfə fəxri kürsüyə qalxıb. Bunlardan 4-ü qızıl olub.
Medal siyahısında İrlandiya 3-cü, Böyük Britaniya 4-cüdü. Onların hərəsinin iki çempionluğu var. Boks yarışlarında himni çalınan 5-ci ölkə isə Hollandiyadı. Bakı-2015-də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 16 yığmanın üzvləri medal qazanmağı bacarıb.
Qeyd edək ki, boks yığmamızın aktivində Elvin Məmişzadə (52 kq), Lorenzo Sotomayor (64 kq), Teymur Məmmədov (81 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Xaybulla Musalov (75 kq) 2-ci, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Anna Əlimərdanova (54 kq) 3-cü yeri tutub.
Bununla, Azərbaycan Avropa Oyunlarında daha bir idman növündə yarışa qatılan bütün iştirakçıları arxada qoyub. Boksa qədər taekvondo və karate komandalarımız da hamını qabaqlamışdı. Güləşin bir növündə (qadınlar) 1-ci, iki növündə (sərbəst və yunan-Roma) 2-ci olan millimiz ümumilikdə də ikinciliklə kifayətlənib.