Təxminən iki il yarımlıq prosesdən sonra tərəflər yekun razılaşmaya gəlib. Bu prosesin tam şəkildə başa çatması və sülh sazişinin imzalanması üçün bir sıra zəruri addımların atılması vacibdir: Bu, Azərbaycanın uzunmüddətli və ardıcıl mövqeyidir, Ermənistan tərəfi də bunu yaxşı bilir.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində deyib.
Nazir Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtləri bir daha açıqlayıb.
Eyni zamanda nazir bu baxımdan Ermənistanın müvafiq Konstitusiya dəyişikliyinin sülh razılaşmasının imzalanmasından öncə baş verməli olduğunu da vurğulayıb. Ceyhun Bayramov onu da əlavə edib ki, Konstitusiya dəyişikliyi ilə dövlətlərarası münasibətlərin tənzimlənməsinə dair analoji hallar da mövcuddur və bu məsələ Azərbaycanın mövqeyinin maksimalist olması kimi qiymətləndirilə bilməz.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan analoji Konstitusiya iddialarının Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmasının mümkün olduğunu, lakin İrəvanın belə bir addım atmadığını deyib. Nazir Ceyhun Bayramov isə cavabında bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan daha sonra bildirib ki, ölkəsinin istəyi regionda davamlı sülh qurmaqdır. İlk növbədə, bu, Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.