Peyvənd vurulandan sonra 4 aylıq körpənin vəziyyəti ağırlaşıb.
Xezerxeber.az-ın xəbərinə görə, uşağın atası - Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Həsən Mirzəyev belə iddia edir. Dediyinə görə, ailəsi peyvənddən imtina etsə də, həkimlər onları dördaylıq körpəyə peyvənd vurmağa razı salıb. Peyvənd vurulandan sonra dördaylıq qızı ölümdən dönüb. Uşağın ailəsi baş verənlərdə Sabunçu rayonunda fəaliyyət göstərən 12 saylı şəhər poliklinikasının sahə həkimi Elnurə Qurbanovanı ittiham edir.
Şikayətçi deyir ki, uşağının peyvənd olunmasına razılıq versə də, lazımi müayinələr aparılmayıb.
Ailəsi bildirir ki, daha sonra körpəni ağır vəziyyətdə təcili olaraq özəl xəstəxanalardan birinə çatdırıblar.
Səsləndirilən ittihamlarla bağlı adıçəkilən həkim Elnurə Qurbanova ilə əlaqə saxladıq. O bildirdi ki, ailənin ittihamlarını qəbul etmir, çünki uşağın xəstəliyi peyvəndlə əlaqəli deyil.
Məsələ ilə bağlı TƏBİB-ə də sorğu ünvanladıq. Qurumdan bildirildi ki, məsələ araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.