Üzəri açıq formada, içərisi isə suyla dolu olan çuxur ərazidə təhlükəli vəziyyət yaradır.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu Xudu Məmmədov küçəsindən gedir. Ərazidə bir müddət əvvəl yaranan çuxur üzəri açıq formada qalıb. Sakinlər deyirlər ki, çuxurun içərisində dərinliyi 2 metrə qədər su toplanıb. Çuxurun yarandığı ərazi isə həm məktəb, həm də yaşayış binasına yaxın olduğundan təhlükə yaradır.
Sakinlər bildirirlər ki, problem bir neçə aydır davam etsə də aidiyyəti qurum ərazini xüsusi xəbərdarlıq lentinə almaqdan başqa heç bir iş görməyib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ərazidə su xəttində qəza olub. İstismar qaydalarına uyğun olaraq qəzanı aradan qaldırandan sonra müəyyən müddət gözləmək lazım gəlir ki, həmin nahiyədə görülən işlərin nəticəsi daha aydın olsun. Bu səbəbdən ərazidəki işlər tam yekunlaşmadığından mühafizə zolağı sökülməyib, həmçinin xəbərdarlıq nişanı da götürülməyib. Qazıntının ətrafında mühafizə zolağının çəkilməsi, xəbərdarlıq işarəsinin götürülməməsi işin davam eydiyini bir daha aydın göstərir. Qaydalara uyğun olaraq işlər yekunlaşandan sonra ərazidəki vəziyyət əvəlki görkəminə qaytarılacaq,- deyə qurumdan bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.