Bakıda sosial şəbəkələrdə təhlükəli avtobus səhnəsi yayılan görüntü narazılığa səbəb olub.
Xezerxeber.az xəbər verir ki, hadisənin bu gün Binəqədi qəsəbəsi ərazisində baş verdiyi bildirilir. Belə ki, 41 saylı sərnişin avtobusunun qapısı açıqdır və bir neçə sərnişin sallanaraq gedir.
Həmin marşrut xəttinin dayanacağına yollandıq. Sürücülər vəziyyətin təkcə onların məsuliyyətində olmadığını, sərnişinlərin də bu cür halların yaranmasına səbəb olduğunu bildirdilər.
Marşrut xəttinin dəstə rəhbəri Elşən Xəlilov "Xəzər Xəbərə" bildirdi ki, bu hal hər gün müşahidə olunmur, əsasən səhər saatlarında və pik vaxtlarda baş verir.
Marşrut xəttinin nümayəndəsi Afis Mikayılov isə bildirdi ki, son günlərdə Binəqədi qəsəbəsində kommunikasya xətlərinin çəkilişi işləri görülür, buna görə nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bu da 41 və 45 saylı müntəzəm marşrut xətlərinin fəaliyyətinə mənfi təsir göstərərək interval pozulmalarına səbəb olur. Nəticədə bəzi hallarda sərnişin sıxlığı müşahidə edilir. Bununla yanaşı yolların vəziyyəti avtobuslarda texniki nasazlıqların yaranmasına və qəzalara gətirib çıxarır. Bütün bunlar marşrut xəttinin dövriliyinə, sərnişinlərin daşınmasına mənfi təsir göstərir. Yayılmış görüntüyə gəlincə, avtobusun sürücüsü müəyyən edilərək tədbir görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.