Xəzər Xəbər

Masazırda heyvan qanı kanalizasiya suyuna qarışaraq küçəyə axır VİDEO

Veb TV | 20:36 • 30 Mart 2025
Masazırda heyvan qanı kanalizasiya suyuna qarışaraq küçəyə axır

Abşeron rayonu, Masazır qəsəbəsində heyvan qanı kanalizasiya suyuna qarışaraq küçə boyu axır.

Xezerxeber.az-ın məlumatına görə, Masazır qəsəbəsində yaşanan bu vəziyyət sakinləri ciddi narahat edir.

Sakinlərin bildirdiyinə görə, bu problem yeni deyil. Ət kəsimi və digər fəaliyyətlərlə əlaqəli olan bəzi müəssisələr tullantılarını düzgün idarə etmədiyi üçün qəsəbə sakinləri antisanitar şəraitlə üzləşirlər.  

Sakinlər deyirlər ki, küçələrə yayılan qanlı su təkcə xoşagəlməz görüntü yaratmır, eyni zamanda müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Kanalizasiya daşır, nəticədə küçələr keçilməz olur.

Sakinlər aidiyyəti orqanlardan tədbirlər görülməsini istəyirlər.

Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov "Xəzər Xəbər"ə bildirib ki, problemin qısa vaxt ərzində aradan qaldırılmasına başalanılacaq.

Adıçəkilən qurumdan o da bildirildi ki, hazırkı xoşagəlməz vəziyyət araşdırılır. Tezlikdə ciddi tədbirlər görüləcək.

Sakinlər həmçinin kəsilən heyvanın qanının küçəyə axması problemi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməyi planlaşdırırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti