Bakı şəhəri, Sabunçu rayonu, Rəşad Məcidov, bina 8 ünvanında yerləşən ikimərtəbəli bina qəzalı vəziyyətdədir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər 110 yaşlı binanın təhlükəli vəziyyətdə olmasından narahatdırlar.
Sözügedən binada 10 ailə yaşayır. Sakinlərin sözlərinə görə, binanın divarlarında çatlar var, həmçinin tavan hissəsindəki beton parçaları qopub tökülür. Onlar bildiriblər ki, yağış yağanda vəziyyət daha da acınacaqlı olur. Binanın damından yağış suları evə dolur.
Binada yaşayan sakinlər deyirlər ki, ərazidəki digər qəzalı vəziyyətdə olan binada söküntü işləri aparılıb, lakin onların binasına heç bir qurum tərəfindən baxış keçirilməyib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, 1935-ci ildə inşa olunmuş ikimərtəbəli, 12 mənzilli yaşayış binası uzun müddət istismar olunduğundan yaşayış üçün tam yararsız vəziyyətə düşübmüşüb.
“Binanın qəzalı vəziyyətdə olması haqqında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aktı yoxdur. Buna baxmayaraq Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən binanın texniki göstəriciləri barədə məlumatlar aidiyyəti üzrə təqdim olunmuşdur. Qeyd edilən bina ilə əlaqədar aidiyyatlı qurumların qəbul edəcəyi qərar tərəfimizdən icra olunacaqdır”,- deyə qurumdan bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.