Abşeronda göl daşıb, 30-a yaxın evi su basıb.
Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonu 28 May qəsəbəsindən, Daşagil gölünün ətrafındandır.
Düz 3 gündür ərazidəki evlər və həyətlər göldən daşan kanalizasiya sularının cəngində qalıb. Sakinlərin sözlərinə görə, əvvəllər göldən su tez-tez çəkilirdi. Hazırda isə çəkilmədiyinə görə Novruz bayramı ərəfəsində daşaraq yaşayış sahələrinə dolub.
Sakinlər deyirlər ki, Abşeron rayon İcra Hakimiyyətinə, bələdiyyəyə və icra nümayəndəliyinə də məlumat veriblər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirldi ki, qeyd olunan ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Bu səbəblə ərazidə formalaşan tullantı suları Abşeron rayonunda "Daşagil" gölündə suyun səviyəsinin artmasına səbəb olur.
Bununla bağlı Xidmət tərəfindən göldə suyun səviyyəsinin tənzimlənməsi məqsədilə nasoslar quraşdırılır, bu da suların ətrafa daşmasının qarşısını almaq məqsədi daşıyır. Bu işlər dəfələrlə görülüb, amma problemin köklü şəkildə həlli üçün mərkəzləşmiş şəbəkə qurulmalıdır. Bunun üçün isə sakinlər qaydalara uyğun tələb edilən sənədlərə malik olmalıdırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.