Bakı metropoliteni bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək.
Xezerxeber.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bilidirib. O, qeyd edib ki, 20-21 mart tarixlərində sərnişin sıxlığının artması nəzərə alınaraq intervalın azaldılması və xəttə ehtiyat qatarların buraxılması nəzərdə tutulub.
Martın 22-dən 31-dək isə Ramazan Bayramı günləri də daxil olmaqla 28-May - Əhmədli istiqamətdə interval dəyişdiriləcək.
"İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində qatarların hərəkəti qeyd edilən tarixlər üzrə müəyyən edilmiş intervaldan iki dəfə artıq olacaq. "Bakmil" istiqaməti və əksinə hərəkət edən sərnişinlər isə metrodan martın 20-21-də şənbə günü, ayın 22-31-də isə bazar günü qrafiki üzrə istifadə edə biləcəklər.
Bu arada "İçərişəhər" stansiyasında retro vaqonlar nümayiş olunur.
Stansiyada 1934 və 1950-ci illərin istehsalı olan qatarlar nümayiş etdirilir. Bu vaqonların sonuncusu 1983-cü ildə xətdən çıxarılıb. Vaqonlar 2015-ci ilə qədər xətlərdə yolların, həmçinin digər texniki parametrlərin ölçülməsi, tunellərin yoxlanılması məqsədilə istifadə edilib.
Sərnişinlər 19-22 mart tarixlərində saat 10:00-dan 22:00-a qədər retro vaqonlarla tanış ola bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.