"Azərbaycan istehlakçıları bir il ərzində almadıqları mal üçün 500 milyon manata qədər pul ödəyirlər".
Xezerxeber.az-ın məlumatına görə, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Xəzər TV-nin "Xəbər Ertəsi" proqramında deyib.
O əlavə edib ki, ümumiyyətlə, marketlərdə istehlakçıların aldadılması halları geniş yayılıb və problem hələ də davam edir.
“Bakı şəhəri, Nizami küçəsində yerləşən bir marketdə bir il ərzində şəxsən məni 100 manata qədər aldatmağa cəhdlər olub. Hətta istehlakçıların almadıqıları malın qəbzə yazılmasının da şahidi oluruq. Yəni istehlakçılardan almadıqları mala görə pul alırlar. Məsələn, bu günlərdə bizə edilən şikayətlərdən birində belə hal yaşanıb: istehlakçı 86 qəpiyə badımcan alıb. Mağazanın içərisində yerləşən meyvə-tərəvəz hissəsində olan satıcı badımcan torbasının üzərinə 36 manatlıq ekzotik meyvənin qiymətini yapışdırıb. Ümumiyyətlə, alınmayan mal üçün istehlakçıdan pul qopardılması məsələsi geniş yayılıb. Azad İstehlakçılar Birliyinə gələn şikayətləri ümumiləşdirsək, bir il ərzində Azərbaycan istehlakçıları almadıqları mal üçün 500 milyon manata qədər pul ödəyirlər. Bu, çox ciddi problemdir və qarşısı alınmalıdr. İstehlakçıların bununla bağlı böyük narazılıqları var”.
O, belə hallarla qarşılaşan istehlakçıların nə etməli olduqları barədə tövsiyələrini verib və ticarət şəbəkələrində yaşaşanan digər problemlərdən danışıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.