Epilepsiya xəstəliyindən əziyyət çəkən şəxsin təqaüdü ləğv edilib.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən Saatlı rayonunun Dəllər kənd sakini İlkin Mirzağazadə deyir ki, 2017-ci ildə avtoqəza keçirib. Aldığı ağır kəllə-beyin travmasından sonra onda epilepsiya xəstəliyi yaranıb. 2019-cu ildə ona 2-ci qrup əlillik dərəcəsi və eyni zamanda pensiya təyin edilib.
Xezerxeber.az-ın məlumatına görə, şikayətçi bildirib ki, 10 ay əvvəl müddət bitib, buna görə də pensiyasının bərpası üçün təkrar müayinələrdən keçib. Lakin pensiya təyin olunmayıb.
Vətəndaş qeyd edir ki, hazırkı vəziyyətdə ona nə sağlamalıq haqqında arayış verilir, nə də xəstəliyi qeydə alaraq pensiya təyin olunur.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Saatlı rayon sakini 1989-cu il təvəllüdlü Mirzağazadə İlkin Lazım oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 26.04.2024-cü il tarixində qurumun həkim-eksperti tərəfindən əyani baxış zamanı qiymətləndirilib.
Müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər müşahidə edilməyib.
Qeyd edilib ki, bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq vətəndaş İlkin Mirzağazadəyə əlillik dərəcəsi təyinatından imtina edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.