Ötən il 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumlarının qurbanı olub.
Xezerxeber.az-ın məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi Nadir Novruzov deyib.
Onun sözlərinə görə, bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyib və nəticədə haker hücumlarının qurbanına çevrilib.
Xidmət tərəfindən fəsadların aradan qaldırılması üçün lazımi addımlar atılıb və bir sıra qurumlarda yerində yoxlama tədbirləri həyata keçirilib.
Şöbə rəisinin sözlərinə görə, bu kimi halların baş verməsinin əsas səbəbi öncədən lazımi tədbirlərin alınmamasıdır. Nəticədə şəxsi kompüterlərindəki məlumatlarla yanaşı, istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid loqin, şifrə və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş olurlar.
Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antiviruslardan istifadə etməyi, o cümlədən kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi, saxta domenlər barədə məlumatları isə "blacklist.gov.az" platformasına göndərməyi tövsiyə edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.