Bakıda yaşayan Şəki sakini İlkin Ağayevin xəbəri olmadan adına 3 şirkət açılıb. Hazırda onun 61 min manatdan çox vergi borcu yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, İlkin Ağayev deyir ki, 2023-cü ilin sonlarında əvvəlcədən tanıdığı Eşqin adlı şəxs ona günlük əməkhaqqısı 30 manat olan iş təkilif edib. Tərəflər razılaşıblar və bunun üçün “ASAN Xidmət” mərkəzinə gediblər. Zərərçəkmiş İlkin Ağayevin sözlərinə görə, orada şəxsiyyət vəsiqəsini təqdim edib və nə üçün olduğunu bilmədiyi sənədlərə imza atıb.
Zərərçəkmiş deyir ki, Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsindən bildiriş aldıqdan sonra adına 3 şirkətin olmasından xəbər tutub. Bundan sonra o, bu işdə ona vasitəçi olan Eşqin adlı şəxsi axtarmağa başlayıb.
İlkin Ağayev ərazi üzrə Yasamal rayonu 28-ci polis bölməsinə dəvət edilib və orda onun şikayət ərizəsi alınıb. Bölmədən bildirdilər ki, həmin fakt araşdırılır. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirildi ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına təsis olunan hüquqi şəxslərin yaranmasına, hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar və qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.