Plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini yanvarın 31-dək Səhiyyə Nazirliyinə təqdim etməlidirlər.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə məlumatı plastik cərrahlara yenidən müraciət edən Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb.
Müstəqil tibb eksperti Rasif Bağırov deyir ki, plastik cərrahiyyə sahəsində islahatların aparılmasına ehtiyac var. Çünki bu sahədə vəziyyət çox ağırdır.
Səhiyyə eksperti deyir ki, bir çoxlarının plastik cərrahiyyə sahəsində təhsili olmadığı üçün onların yanına gedən insanlar əməliyyat masasında dünyasını dəyişir.
Qeyd edilib ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb, araşdırmalar aparılır. Yanvarın 31-dək ölkədəki plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədləri Səhiyyə Nazirliyinə təqdim etməsələr, onların praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə və ya sertifikasiya şəhadətnamələri ləğv olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.