Prezident İlham Əliyev "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu təsdiqləyib.
Xezerxeber.az-ın məlumatına görə, qanuna əsasən, növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən, yəni 3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi ilə vergidən azad edilir. Hüquqi şəxslər isə əvvəlki qaydada, yəni il üzrə ortaaylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq şərtlərini yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.
Vergi Məcəlləsinə edilən dəyişikliklərdə qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlərin cərimələnməsi məsələsi də öz əksini tapıb.
Əcnəbilərə və vətəndaşlığı olmayanlara göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV geri qaytarılacaq. Qanuna əsasən, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin geri qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Eyni zamanda Vergi Məcəlləsinə edilən dəyişikliklə xarici dövlətlərin yük avtomobillərinin yol vergisindən azad olunması qaydası hazırlanacaq.
Bundan başqa, teatr və kino sənətinin, muzey və simfonik orkestr fəaliyyətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri tətbiq ediləcək. Belə ki, teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə mənfəətin 90%-i vergidən azad edilir.
Qeyd edək ki, vergi məcəlləsinə edilən dəyişikliklər haqqında qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.