AZAL-a məxsus sərnişin təyyarəsinin yerə çırpılması nəticəsində həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəniləcək. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Müşahidə Şurasının qərarında deyilir.
Xezerxeber.az-ın məlumatına görə, qərara əsasən, "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində olan və xəsarət alanların hər birinə isə 20 min manat kompensasiya ödənilməsi müəyyən edilib. Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.
Bəs belə şəxslərə sığorta ödənişi necə tənzimlənir?
Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, təyyarə qəzalarında ölən və yaralanan şəxslərə verilən sığorta təminatları, müxtəlif sığorta məhsulları, hesablanması bir neçə faktora əsaslanır. Onun sözlərinə görə, hava nəqliyyatında və hava nəqliyyatının sərnişinləri üçün icbari fərdi qəza sığortası, məsuliyyət sığortası və səyahət sığortası mövcuddur.
Ekspert bildirib ki, məsuliyyət sığortasında dəqiq məbləğ göstərilmir.
Vüsal Bədəlov onu da əlavə edib ki, beynəlxalq hüquqla təyyarə qəzaları zamanı konpensasiya məsələlərini tənzimləyən müxtəlif proseslər və öhdəliklər müəyyən edilir. Təyyarə qəzasında yaralanmış və ya həyatını itirmiş şəxslərin ailə üzvləri bu əsasla səbəbkar olan ölkəyə hüquqi müstəvidə iddia qaldıra bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.