Xəzər Xəbər

Aktauda yaşayan azərbaycanlılar təyyarə qəzası ilə bağlı son məlumatları çatdırıblar VİDEO

Veb TV | 21:11 • 25 Dekabr 2024
Aktauda yaşayan azərbaycanlılar təyyarə qəzası ilə bağlı son məlumatları çatdırıblar

Təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 27 nəfərdən 11-nin vəziyyəti ağırdır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın Maqnistau vilayətinin Səhiyyə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli tibb personalına kömək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin iki reanimatoloq, 4 travmatoloq, 1 neyrocərrah və yanıq üzrə mütəxəssisdən ibarət mobil briqadası gətirilib. Eyni zamanda səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti öz üzərinə götürərək, yaralılardan bir neçəsini şəxsən müayinə edib. O da qeyd olunub ki, Manqistaunun Uşaq Xəstəxanasında müalicə alan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq.

Aktau şəhərində yaşayan azərbaycanlı Şahin Süleymanov "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, şəhərdəki bütün həkimlər yaralıları müalicə etmək üçün səfərbər olub.

Qazaxıstandakı "Dostluq" etnomədəni birliyinin sədri Şəmsəddin Hüseynov deyib ki, Azərbaycandan gələn nümayəndə heyəti də lazım olan bütün tədbirləri görür.

Qəza şahidlərinin sözlərinə görə, sağ qalan sərnişinlər göyərtənin arxa hissəsində əyləşənlərdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti